Türkiyədə İsrailin kəşfiyyat xidməti MOSSAD-a casusluq etməkdə ittiham olunan özəl detektiv Serkan Çiçəklə bağlı aparılan istintaqda yeni və ciddi faktlar üzə çıxıb.
Musavat.com xəbər verir ki, polis sistemlərindən məxfi məlumatların əldə edilməsi və filistinli fəalların izlənilməsi ilə bağlı araşdırma təhlükəsizlik orqanlarının daxilindəki əlaqələri də ortaya çıxarıb.
Türkiyə mətbuatının yaydığı məlumata əsasən, İstanbul Respublika Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq çərçivəsində 11 polis əməkdaşının Serkan Çiçəklə əlaqəsi müəyyən edilib. Onlardan 9-u fəaliyyətdə olan, 2-si isə keçmiş polis əməkdaşıdır. Şübhəlilər arasında bir baş komissarın da olduğu bildirilir.
İstintaq materiallarına görə, Çiçək 2023–2024-cü illərdə polis əməkdaşları vasitəsilə dövlətin məxfi informasiya sistemlərindən məlumatlar əldə edib. Araşdırma zamanı telefon danışıqları, mesajlar, səs yazıları və digər elektron sübutlar yoxlanılıb.
Ən ciddi məqamlardan biri polis bazalarından vətəndaşların şəxsiyyət məlumatlarının, ailə üzvləri haqqında informasiyaların, yaşayış ünvanlarının, avtomobil nömrələrinin, otel qeydiyyatlarının və keçmiş cinayət qeydlərinin əldə edilərək WhatsApp vasitəsilə ötürülməsidir.
Məlumata əsasən, İsrail kəşfiyyatı ilə əlaqəli Faysal Rəşidin göstərişi ilə İsrailin siyasətinə qarşı çıxan, Fələstin əsilli Türkiyə vətəndaşı A.A. izlənilib. Onun yaşadığı binanın ətrafında müşahidə aparılıb və hərəkətləri barədə məlumat toplanıb.
İstintaqda diqqətçəkən başqa bir detal da üzə çıxıb. Polis əməkdaşlarından biri Çiçəyin sifarişi ilə bir zərgəri iş saatlarından kənarda 14 saat gizli izlədiyini etiraf edib.
Çiçəyin özünü dövlət qurumlarında Serkan İpək adı ilə gizli agent kimi təqdim etdiyi, xüsusi işıq siqnalları olan avtomobildən istifadə etdiyi və üzərində silah gəzdirdiyi də bildirilir.
Araşdırma zamanı onun polis əməkdaşlarını maliyyə baxımından özündən asılı vəziyyətə saldığı müəyyən edilib. Çiçək əvvəlcə onlardan kiçik məbləğlərdə borc alaraq pulları əlavə gəlirlə qaytarıb, daha sonra isə biznes vədləri ilə onların adına 1,2 milyon – 3 milyon Türkiyə lirəsi arasında bank kreditləri götürülməsinə nail olub. Sonradan ödənişləri dayandıraraq borcları həmin şəxslərin üzərində qoyub.
Serkan Çiçək 2025-ci ilin oktyabrında Türkiyənin Milli Kəşfiyyat Təşkilatı – MİT tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Əsl adı Məhəmməd Fatih Keleş olan Çiçəyin 2020-ci ildə “Pandora Dedektivlik” şirkətini yaratdığı müəyyən edilib.
Türkiyə təhlükəsizlik mənbələrinin məlumatına görə, MOSSAD-la əlaqəli Faysal Rəşid 2025-ci il avqustun 1-də filistinli fəalın izlənilməsi üçün Çiçəyə kriptovalyuta ilə 4 min dollar ödəyib. Çiçək həmin şəxsin yaşadığı ərazidə araşdırma aparsa da, sifariş edilən məlumatların hamısını əldə edə bilməyib.
İstintaqda Çiçəklə əlaqəli vəkil Tuğrulhan Dipin də qanunsuz sorğu sistemlərindən istifadə edərək şəxsi məlumatları pul müqabilində satdığı barədə faktlar yer alıb.
Türkiyə mətbuatının məlumatına görə, istintaq çərçivəsində Çiçəyin maliyyə əməliyyatları da araşdırılıb. Onun casusluq və detektivlik fəaliyyətindən əldə etdiyi vəsaitləri gizlətmək üçün özünün, yaxın qohumlarının və birlikdə yaşadığı şəxsin bank hesablarından istifadə etdiyi müəyyən edilib.
Mənbə: musavat.com