İnsanların böyük əksəriyyətində ürək döş qəfəsinin sol tərəfində yerləşir. Lakin dünyada ürəyi sağ tərəfdə olan insanlar da var. Tibbdə bu vəziyyət dekstrokardiya adlanır. Bəs ürək niyə sağ tərəfdə yerləşir? Belə insanlar digərlərindən nə ilə fərqlənirlər və normal həyat yaşaya bilirlərmi?
Dekstrokardiya anadangəlmə anatomik xüsusiyyətdir. Bu vəziyyət insan hələ ana bətnində olarkən, ürəyin formalaşdığı ilk həftələrdə yaranır. İnkişaf prosesi zamanı ürək adi istiqamətin əksinə dönərək sağ tərəfdə yerləşir.
Bu halın yaranmasında genetik faktorların rol oynadığı məlumdur. Dekstrokardiya nadir rast gəlinir və təxminən hər 12 min hamiləlikdən birində müşahidə olunur.
Xeyr. Bəzi insanlarda yalnız ürək sağ tərəfdə yerləşir, digər orqanlar isə normal mövqeyində qalır.
Digər hallarda isə ürəklə yanaşı, qaraciyər, mədə və digər daxili orqanlar da əks istiqamətdə yerləşir. Bu vəziyyət tibbdə situs inversus adlanır. Belə insanlarda orqanların düzülüşü sanki güzgüdəki əks görüntünü xatırladır.
Əslində, bu insanlar digər insanlardan xarakter, düşüncə, intellekt və fiziki qabiliyyət baxımından fərqlənmirlər.
Əgər ürəkdə əlavə anadangəlmə qüsurlar yoxdursa, o, normal fəaliyyət göstərə bilər. Belə insanlar idmanla məşğul ola, işləyə və adi həyat sürə bilərlər.
Lakin dekstrokardiya bəzi hallarda ürək qüsurları və tənəffüs sistemi xəstəlikləri ilə müşayiət olunur. Məsələn, Kartagener sindromu olan insanlarda tez-tez sinusit, bronxit və ağciyər infeksiyaları yarana bilər.
Bəli. Dekstrokardiya başqa ciddi sağlamlıq problemləri ilə müşayiət olunmadıqda, insanın ömrünə və həyat keyfiyyətinə ciddi təsir göstərməyə bilər.
Maraqlıdır ki, bəzi insanlar ürəklərinin sağ tərəfdə yerləşdiyini uzun illər bilmirlər. Bu xüsusiyyət bəzən təsadüfi rentgen və ya ultrasəs müayinəsi zamanı aşkarlanır.
Həkimlər belə insanların mütəmadi tibbi müayinədən keçməsini və ürəyin quruluşunda əlavə problemlərin olub-olmadığını dəqiqləşdirməyi tövsiyə edirlər.
Beləliklə, ürəyin sağ tərəfdə yerləşməsi insanın fərqli və ya xəstə olması demək deyil. Bu, əksər hallarda normal həyat sürməyə mane olmayan nadir anadangəlmə anatomik xüsusiyyətdir.
Mənbə: yenisabah.az