“Bu il 85 kişi məişət zorakılığına məruz qalıb” – Bahar Muradova

“Bu il 85 kişi məişət zorakılığına məruz qalıb” –

“2026-cı ilin 10 ayı ərzində məişət zorakılığı ilə bağlı komitəyə 499 müraciət daxil olub. Müraciət edənlərdən 85-i kişi, 23-ü uşaq, qalanları qadınlardır”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Baş Prokurorluğun məlumatına əsasən, məişət zorakılığı ilə bağlı cinayətlərdə 2026-cı ildə 931 qadın zərərçəkmiş kimi qeydə alınıb.

“23 qadın isə həyatını itirib. Ədliyyə Nazirliyinin məlumatına görə isə bu il ərzində 50 uzunmüddətli, 443 qısamüddətli mühafizə orderi verilib”, – deyə komitə sədri qeyd edib.

Bahar Muradova bildirib ki, dünyada hər üç qadından biri həyatı boyu fiziki və digər zorakılıq formalarına məruz qalır.

O qeyd edib ki, zorakılıq ənənəvi sosial münasibətlərlə formalaşmır, yeni çağırışlar fonunda ortaya çıxır və rəqəmsal dünyada yeni forma və məzmun qazanır.

Komitə sədri vurğulayıb ki, zorakılığın milli dəyərlərə, ailə dəyərlərinə və ailə institutuna vurduğu zərər yeni və sistemli yanaşmalar tələb edir.

Fəridə

Mənbə: bizim.media