Rusiyalı siyasətçi arvadını öldürdü, etiraf statusu yazdı

Rusiyalı siyasətçi arvadını öldürdü, etiraf statusu yazdı

Rusiyada fəaliyyət göstərən “Ədalətli Rusiya – Vətənpərvərlər – Həqiqət naminə” partiyasının Tver bölməsinin rəhbəri Yevgeni Nikolski arvadını öldürməkdə şübhəli bilinir.

Musavat.com “Kommersant”a istinadla xəbər verir ki, siyasətçisosial şəbəkədə cəzalandırılmağa hazır olduğunu yazıb və “qızını xilas etməyi” istəyib.

“Bəli, mən bunu etdim. İnkar etməyəcəyəm və lazımi cəzanı çəkəcəyəm. Başımı dik tuturam, çünki hər şeyi düz elədim. İllər boyu iz qoymadan bütün canını verdiyin insan sənə xəyanət edəndə bu cəzasız qalmamalıdır. Mənə nə olacağı məni maraqlandırmır, amma yalançı məxluq layiq olduğu cəzanı aldı və qoy onun kimi olanların hamısının başına eyni aqibət gəlsin”, – deyə Yevgeni Nikolski yazıb.

“Baza” Telegram kanalının məlumatına görə, Yekaterina Nikolskayanın meyiti Yemelyanovo kəndindəki məktəb binasının yaxınlığında tapılıb. Kanalın materialında deyilir ki, aprelin 20-də səhər saatlarında Yevgeni Nikolski qısqanclıq zəminində yaranan mübahisə zamanı arvadının boynuna bıçaq zərbəsi vurub, bundan sonra dərhal etiraf yazısı yazıb. Bu anda Yekaterinanın qardaşı bacısına kömək etməyə çalışıb, lakin Yevgeni Nikolski ona mane olub. Daha sonra qardaş əlinə keçən domkratla ona bir neçə zərbə vurub.

“Mash” Telegram kanalının məlumatına görə, Nikolski özü polisə zəng edib və saxlanılıb. Xəbər verilir ki, o, küt alətlə zərbə aldığına görə hazırda reanimasiyadadır.

Yevgeni Nikolskinin 35 yaşı var. 2022-ci ildə Tver Şəhər Dumasına deputat seçilib.

O, Yekaterina ilə 15 il birlikdə yaşayıb. Mayın 12-də onların qızının bir yaşı tamam olacaq.

Musavat.com

Mənbə: musavat.com