Yol polisindən qaydaları pozan tanınmışlara müraciət

Yol polisindən qaydaları pozan tanınmışlara müraciət

Son vaxtlar sosial şəbəkələrdə sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyən və üstəlik videoçəkilişlər edən tanınmışlara çox tez-tez rast gəlinir. Bu isə ictimaiyyət arasında birmənalı qarşılanmır.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev bununla bağlı Oxu.az-a açıqlama verib.

O, sükan arxasında olan hər kəsə ünvanladığı müraciətində qeyd edib ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət edən hər kəsi həyata bağlayan bağdır.

“Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alırlar və məhz təhlükəsizlik kəmərini bağladıqları üçün sağ qalırlar.

Təəssüflə qeyd etməliyik ki, bəzən tanınan insanlarımız öz nümunəvi hərəkətləri ilə cəmiyyətə yaxşı nümunə olmaq əvəzinə, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ətrafdakılara pis nümunə olurlar və hətta bunu bir “qəhrəmanlıq” kimi sosial şəbəkələrdə paylaşırlar.

Yadda saxlamaq lazımdır ki, vəzifəsindən, qulluq mövqeyindən asılı olmayaraq hər kəs qanun qarşısında bərabərdir və qanun hər kəsə şamil edilir. Qayda pozuntusu varsa, əlbəttə bunun məsuliyyəti də olacaq.

Heç bir bəhanə qayda pozmağa əsas gətirilə bilməz. Bəlkə kimlərsə öz həyat və sağlamlığına biganə yanaşa bilər, ancaq biz, qurum olaraq, o formada düşünənlər də daxil olmaqla hər kəsin həyat və sağlamlığına dəyər veririk və insanlarımızın yollarda xəsarət almamaları və həyatlarını itirməmələri üçün çalışırıq.

Odur ki, hər kəsi yol hərəkəti qaydalarına ciddi riayət etməyə dəvət edir və bu istiqamətdə cəmiyyəti doğru maarifləndirmək üçün hər kəsdən kömək və dəstək gözləyirik”, – deyə R.Tağıyev vurğulayıb.

Mənbə: axar.az