Keçmiş məcburi köçkün: Uzun illər sonra Xocalımıza qayıdırıq

Keçmiş məcburi köçkün: Uzun illər sonra Xocalımıza qayıdırıq

Allah bütün şəhidlərimizə rəhmət eləsin, Prezidentimizə, qazilərimizə can sağlığı versin. Uzun illər sonra Qarabağımıza qayıdır, Xocalımıza gedirik.

Bu fikirləri “Report”a açıqlamasında bu gün Xocalıya köçən keçmiş məcburi köçkün Gülşən Cavadova deyib.

O, qeyd edib ki, yurda qayıdış hissini ifadə etmək çox çətindir: “İşğaldan azad olunandan sonra ilk dəfədir Xocalıya gedirəm. Bu, elə bir hissdir ki, onu heç bir sözlə ifadə etmək olmur. Qeyri-adi hissdir.

Valideynlərimin Xocalını tərk etmələri çox ağır, acınacaqlı olub. İndi bunu bütün dünya bilir. Həmin ağır günləri hansı sözlərlə ifadə etsək belə, hər şey onsuz da dünyaya məlumdur”.

Qeyd edək ki, bu gün Xocalı şəhərinə daha 33 ailə - 137 nəfər köçürülüb. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə - 34 1 nəfərə çatıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Mənbə: report.az