Hər il yay mövsümündə istirahət üçün su hövzələrinə üz tutanlar bəzən bədbəxt hadisələrlə üzləşirlər. Belə hadisələrin böyük əksəriyyəti bölgələrdə baş verir. Bəzən uşaqlar, yeniyetmələr təhlükənin ciddiyyətinin fərqinə varmırlar və bu, sonda bir ailənin faciəsinə çevrilir.
“Qafqazinfo” təkcə bu ilin iyun-iyul ayı ərzində suda boğulan bəzi uşaqlar və yeniyetmələrlə bağlı məlumatları təqdim edir.
Belə bədbəxt hadisələrdən biri iyulun 3-də Astarada qeyd alınıb. Kijəbə qəsəbəsində 15 yaşlı Murad Ramin oğlu Ağazadə ehtiyatsızlıqdan qəsəbə ərazisində olan su anbarına düşərək ölüb.
İyulun 1-i Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 2008-ci il təvəllüdlü Anar Rəşad oğlu Əmirov batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni gündə Beyləqanda Köhnə Xanqızı kanalının rayonun ərazisindən keçən hissəsində də bədbəxt hadisə baş verib. Rayonun Eyvazalılar kənd sakini, 2009-cu il təvəllüdlü Əkbər Nizami oğlu Qasımov kanalda çimərkən batıb.
Bir gün sonra isə Şəmkirdən dəhşətli xəbər gəlib. Üç uşaq rayonun Qədimqala kəndi ərazisindəki süni göldə boğulub.
Bədbəxt hadisə zamanı ölən 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli qardaş olublar.
Məlumata görə, onlar 2021-ci il təvəllüdlü əmisi oğlanları İsmayıl Nəriman oğlu Nadirlini xilas etmək istəyərkən hər üçü boğulublar.
Ötən ay isə Şəmkirdə 2004-cü il təvəllüdlü İbrahimov Ümid Elxan oğlu və 20 yaşlı Aliyə Həsənova suda boğulublar. Sevgili olduğu bildirilən gənclərin Şəmkirçay su anbarında batmışdı.
İyun ayının sonlarında isə Füzuli rayonunun Kərimbəyli kəndi ərazisində beton kanalda kənd sakini 2009-cu il təvəllüdlü Nihad Vüqar oğlu Nağızadə batıb və hələ də ondan xəbər yoxdur.
Hər yay mövsümündə Bakıda və Abşeronda dənizdə batanlarla bağlı xəbərlər də yayılırdı. Bu yay havaların bir qədər qeyri-sabit keçməsi çimərliklərə axın edənlərin qarşısını kəsib. Bəlkə də hava şəraiti kimlərinsə həyatını xilas edib...
Emin Səfərov
Mənbə: qafqazinfo.az