İsrail İranın axşam saatlarında həyata keçirdiyi hücumlara cavab olaraq genişmiqyaslı hərbi əməliyyata başlayıb.
Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri İranın qərb və mərkəzi bölgələrində yerləşən hərbi obyektlərə zərbələr endirir. Hücumlar çərçivəsində Tehrandakı beynəlxalq Mehraabad hava limanının da hədəfə alındığı bildirilir.
Məlumatlara görə, Tehran, Kərəc, Təbriz, Urmiya, Kirmanşah, Nəcəfabad və Şiraz şəhərlərində partlayış səsləri eşidilib.
Bununla yanaşı, İraqın paytaxtı Bağdad istiqamətində də hücumlar barədə xəbərlər yayılıb. Lakin bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
SAXAL-ın açıqlamasında qeyd olunur ki, əməliyyat davam edir və zərbələr İran ərazisindəki hərbi hədəflərə yönəlib.
Qeyd edək ki, İsrailin bu addımı İranın daha əvvəl həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları hücumlarına cavab xarakteri daşıyır.
Xatırladaq ki, İran dünən gecə saatlarında Livana hücumlara cavab olaraq İsrailə ballistik raketlərlə zərbələr endirib.
Mənbə: bizim.media