Bildirilib ki, bu təlim təsadüfi xarakter daşımır və illik rotasiya əsasında üç ölkənin ərazisində keçirilən uzunmüddətli hərbi əməkdaşlığın əsas komponentlərindən biridir.
Vurğulanıb ki, təlim proqramına gizli hərəkət, pusqu əməliyyatları, yaşayış məntəqələrində döyüş, strateji obyektlərin ələ keçirilməsi, diversiya və əks-diversiya, yaralıların təxliyəsi və birgə komanda idarəetməsi kimi elementlər daxildir.
Diqqətə çatdırılıb ki, Azərbaycan üçün bu təlim NATO standartlarına uyğun taktiki hazırlığın gücləndirilməsi, Türkiyənin xüsusi təyinatlılarının döyüş təcrübəsinin mənimsənilməsi və Gürcüstanla operativ koordinasiyanın inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda qeyd olunub ki, Türkiyənin "Bordo Berelilər" bölməsinin son illərdə qazandığı döyüş təcrübəsi və Azərbaycan xüsusi təyinatlılarının müxtəlif əməliyyatlarda nümayiş etdirdiyi peşəkarlıq tərəflər arasında bilik mübadiləsini daha da gücləndirir.
Qeyd olunub ki, müasir müharibə konsepsiyaları xüsusi təyinatlıların rolunu daha da artırır və bu prosesdə pilotsuz sistemlər, radioelektron mübarizə vasitələri və süni intellekt dəstəyi ilə inteqrasiya olunmuş əməliyyatlar əsas istiqamətlərdən birinə çevrilir.
Mənbə: oxu.az