37 ildir dənizin 1700 metr dərinliyindədir - Hələ də təhlükə saçır - Fotolar

37 ildir dənizin 1700 metr dərinliyindədir - Hələ də təhlükə saçır - Fotolar

1989-cu ildə Norveç sahillərində batan Sovet İttifaqına məxsus nüvə sualtı qayığı “Komsomolets” aradan keçən 37 ilə baxmayaraq, hələ də alimlərin narahatlığına səbəb olur. Dənizin dibində qalan gəmi potensial “saatlı bomba” kimi qiymətləndirilir.

Norveç Radiasiya və Nüvə Təhlükəsizliyi İdarəsinin hesabatına əsasən, sualtı qayığın nüvə reaktorundan zaman-zaman radioaktiv maddə sızması qeydə alınır.

Hazırkı radiasiya səviyyəsinin dəniz ekosisteminə ciddi təhlükə yaratmadığı bildirilsə də, alimlər uzunmüddətli risklərin mövcud olduğunu vurğulayırlar.

“Komsomolets” Sovet İttifaqının ən qabaqcıl nüvə hücum sualtı qayıqlarından biri hesab olunurdu. Titan gövdəyə malik olan bu gəmi təxminən 1000 metr dərinlikdə fəaliyyət göstərmək və nüvə raketləri daşımaq üçün hazırlanmışdı.

Lakin layihənin davamı gəlmədi və bu sinifdən yalnız bir sualtı qayıq istehsal edildi.

“Komsomolets” 7 aprel 1989-cu ildə Norveç dənizində baş verən yanğından sonra batıb. Sualtı qayıq təxminən beş saat suyun üzərində qala bilsə də, daha sonra dənizin dibinə qərq olub. Qəza nəticəsində 69 heyət üzvündən 42-si həyatını itirib.

İlkin məlumatlara görə, yanğın zamanı yaranan partlayışlar titan gövdəyə zərər vurub və dəniz suyunun nüvə torpedaları ilə təmas ehtimalını artırıb.

Sualtı qayığın batmasından sonra onun ətraf mühitə təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilib.

1993-cü ildə ekoloqlar gəmini “Norveç dənizinin dibində işləyən saatlı bomba” adlandıraraq, plutonium sızmasının gələcəkdə balıqçılıq sahələri üçün təhlükə yarada biləcəyini bildiriblər.

Bununla belə, bəzi beynəlxalq elmi araşdırmalarda gəminin yaxın gələcəkdə genişmiqyaslı çirklənməyə səbəb olacağı ehtimalının aşağı olduğu qeyd edilib.

1995-1996-cı illərdə aparılan dərin dəniz əməliyyatları zamanı sualtı qayığın gövdəsində və torpedo bölmələrindəki çatlar xüsusi materiallarla bağlanıb.

Lakin bu qoruyucu tədbirlərin təxminən 30 il üçün nəzərdə tutulduğu bildirilirdi. Son yoxlamalar isə göstərib ki, möhürlənmədən sonra da gəmidən fasilələrlə radioaktiv maddə sızmağa davam edir.

Hazırda “Komsomolets” təxminən 1700 metr dərinlikdə yerləşir və ona müdaxilə etmək texniki baxımdan olduqca mürəkkəbdir. Yeni xilasetmə və ya çıxarılma əməliyyatı planlaşdırılmır.

Alimlər bildirirlər ki, nüvə başlıqlarında olan plutoniumun yarımparçalanma dövrü təxminən 24 min il təşkil edir. Bu səbəbdən sualtı qayığın yaratdığı potensial təhlükə insan ömründən çox-çox uzun müddət davam edə bilər.




Mənbə: qafqazinfo.az