Rumıniya hava məkanını qanunsuz şəkildə pozan pilotsuz uçuş aparatı NATO-nun hava patrulu missiyası çərçivəsində ölkədə xidmət aparan İspaniyanın F-18 qırıcısı tərəfindən vurulub.
Bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, bu, Rumıniyanın cari il ərzində vurduğu dördüncü pilotsuz uçuş aparatıdır.
Rumıniya radarları pilotsuz uçuş aparatının qonşu Moldovadan ölkə ərazisinə daxil olduğunu müəyyən edib. Aparat Rumıniyanın cənub-şərqində yerləşən Qalats şəhərindən təxminən 24 kilometr şimalda hava məkanını pozub.
İspaniyanın F-18 qırıcısı hədəflə radar əlaqəsi yaradıb və onu məhv etmək üçün icazə alıb. Pilotsuz uçuş aparatı yerli vaxtla saat 05:01-də vurulub.
Rumıniya Müdafiə Nazirliyi pilotsuz uçuş aparatının qalıqlarının iki yaşayış məntəqəsi arasındakı yaşayış olmayan əraziyə düşdüyünü bildirib.
Nazirlik PUA-nın mənşəyini açıqlamayıb.
Mənbə: unikal.az