Rusiyada Ukraynadakı müharibə üçün müqaviləli hərbçilərin cəlb edilməsi planını yerinə yetirməyən yerli məmurlar inzibati məsuliyyətə cəlb olunurlar.
Müxtəlif regionlarda bununla bağlı ən azı 61 məhkəmə qərarı müəyyən edilib. Müqaviləli hərbçilərin sayının plandan az olmasına görə məsuliyyət ən azı 51 regionda tətbiq olunur. Daha 21 regionda isə əlaqəli pozuntulara görə məmurların cəzalandırılmasına imkan verən normalar mövcuddur. “Novaya qazeta Avropa” məlumatı “Vot Tak” nəşrinin araşdırmasına istinadən yayıb.
Məhkəmədə məmurlar planların yerinə yetirilməməsini hərbi xidmət müqaviləsinin könüllü olması, vətəndaşların cəbhəyə getmək istəməməsi və regionlarda işsizliyin aşağı səviyyəsi ilə əsaslandırıblar.
Bratsk şəhərində müəyyənləşdirilmiş 645 nəfərlik planı yerinə yetirmək üçün məmurlar və polislər 14 mindən çox ünvana baş çəkib, təxminən 3 min nəfərlə söhbət aparıblar. Buna baxmayaraq, noyabrın 1-dək yalnız 369 nəfər müqavilə imzalayıb.
Mənbə: unikal.az