44 günlük ZƏFƏRİN 6-cı ildönümü: General GİZLİ QALAN DETALLARI AÇDI

44 günlük ZƏFƏRİN 6-cı ildönümü: General GİZLİ QALAN DETALLARI AÇDI

2020-ci il Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtələrindən biri oldu. 44 gün davam edən müharibə yalnız döyüş meydanında baş verən hadisələrlə deyil, həm də cəmiyyətin yaddaşında yaratdığı iz, ölkənin gələcək inkişafına təsiri və regionda formalaşan yeni reallıqlarla yadda qaldı. Müharibə illər ərzində toplanmış təcrübənin, verilən qərarların və qarşıya qoyulan məqsədlərin nəticəsini ortaya qoymaqla yanaşı, sonrakı dövr üçün də bir sıra mühüm suallar yaratdı.

Vətən müharibəsinin gedişi və nəticələri, Şuşanın azad olunması, əldə edilən təcrübənin bu günə təsiri və müharibədən sonrakı mərhələdə qarşıda duran məsələlər barədə Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirovun fikirlərini öyrəndik.

General müsahibəsində bildirdi ki, Vətən müharibəsində əldə olunan nəticə uzunmüddətli hazırlığın, müasir hərbi yanaşmanın və düzgün verilmiş qərarların nəticəsi idi. Onun sözlərinə görə, müharibədən sonra qazanılan təcrübə Azərbaycan Ordusunun inkişafında yeni mərhələnin əsasını qoydu.

- Cənab general, 2020-ci il Vətən müharibəsinə qədərki hərbi-siyasi prosesləri necə qiymətləndirirsiniz? Xüsusilə müharibənin başlanmasına bilavasitə təsir edən hərbi amillər və Azərbaycan Ordusunun həmin dövrə hazırlıq səviyyəsi barədə nə deyə bilərsiniz?

- 2020-ci ilin iyul aylarından etibarən ermənilər təxribatlara başladılar. Tovuz istiqamətində atəşkəsi mütəmadi olaraq pozurdular. Sözsüz ki, biz nə vaxtsa bu torpaqların azad olunması istiqamətində tədbir görməli idik və Ali Baş Komandan da məhz bunu etdi. ATƏT-in Minsk qrupunun həmsədrləri çıxışlarında status-kvo ilə razılaşmağı təklif edirdilər. Yəni bu torpaqların ermənilərin nəzarətində qalmasını istəyirdilər. Azərbaycan Ordusu bu məsələyə çoxdan hazırlaşırdı. Ali Baş Komandan İlham Əliyev heç vaxt hərbçilər qarşısında çıxışında "mən torpaqları sülh yolu ilə alacağam" deməyib. O, həmişə orduya deyirdi ki, tapşırıqları yerinə yetirməyə hər an hazır olun, sizə əmr veriləcək.

Ordu da bunun üçün yüksək səviyyədə hazırlaşırdı. Motoatıcı taqımlar, ümumilikdə silah-sursat təminatı çoxdan hazır vəziyyətdə idi. Bu vasitələr həm Qarabağ ərazisində, həm də Ermənistanın özündə yerləşən hərbi hissələri, silah-sursatı ehtiyatlarını və digər hərbi obyektləri nəzarətdə saxlamaq üçün lazım idi. Məhz həmin il 27 sentyabrda Azərbaycan əks-hücum əməliyyatlarına başladı. Arandan dağlara doğru hücumlara başladıq. Həmin vaxt dağlıq ərazidə yağış və qar başlayırdı və bu, qoşunlar üçün çətinlik yaradırdı. Ancaq Azərbaycan Ordusu elə səviyyədə hazır idi ki, bu hava şəraitində belə qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilirdi. Xüsusi bölmələrimiz dağlıq-meşə şəraitində, çətin relyefdə təlimləri on, yüz dəfələrlə keçmişdilər.

- Vətən müharibəsinin gedişində Azərbaycan Ordusunun tətbiq etdiyi hərbi yanaşmanın əsas xüsusiyyətləri nədən ibarət idi? Müasir döyüş vasitələri və dəqiq zərbə imkanları əməliyyatların nəticəsinə necə təsir göstərdi?

- Əsas məsələ elə bir zərbə endirmək idi ki, düşmən artıq təslim olsun, kapitulyasiyaya məcbur olsun. Bizdə kifayət qədər dəqiq zərbə vasitələri var idi. Xüsusi bölmələrimiz dağlıq-meşə şəraitində və çətin relyefdə çoxsaylı təlimlər keçmişdilər. Müasir müharibədə dəqiq zərbə silahları, pilotsuz uçuş aparatları və kəşfiyyat vasitələri mühüm rol oynayır. Azərbaycan bu məsələləri həll etmişdi. Ərazi daim müşahidə altında saxlanılırdı. Ermənilərin bütün hərəkətləri müşahidə edilirdi.

Biz ilk günlərdə onların hava hücumundan müdafiə vasitələrinin təxminən 50-60 faizini məhv etdik. Bundan sonra ermənilər həmin hava hücumundan müdafiə vasitələrini işə salmağa artıq cürət etmirdilər. Bizim PUA-larımız onların mövqelərini aşkar edir və zərbə endirirdi. İri atəş vasitələri, tanklar və özüyeriyən artilleriya qurğuları da məhv ediləndən sonra Ermənistan ehtiyat qoşunları, silah-sursat və digər vasitələri bölgəyə gətirməyə çalışdı. Lakin onların Qarabağa daxil olmasına imkan verilmədi. Onların döyüş meydanında qoyub getdikləri bütün zirehli texnika, digər artilleriya vasitələri və digər hərbi texnika qənimət kimi götürüldü.

- Şuşanın azad edilməsi Vətən müharibəsinin ən mühüm əməliyyatlarından biri kimi qiymətləndirilir. Şuşa əməliyyatını hərbi baxımdan fərqləndirən əsas məqamlar nələr idi və bu əməliyyatda hansı taktiki yanaşmalardan istifadə olundu?

- Ümumiyyətlə, Azərbaycanın hərbi əməliyyatları Ali Baş Komandanın rəhbərliyi ilə çox yüksək səviyyədə həyata keçirildi. Klassik üsullarla - tanklarla, toplarla, artilleriya ilə və aviasiya zərbələri endirməklə Şuşanı azad etmək mümkün deyildi. Birincisi, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Ona görə də şəhər dağıdılmamalı idi. İkincisi, Şuşanın ətrafı keçilməz qayalıqlardır. Buna görə də dağlarda və meşələrdə taktiki baxımdan xırda bölmələrdən istifadə olunması vacib idi.

Burada xüsusi təyinatlılar iştirak etdilər. Xüsusi təyinatlıların hazırlığı piyada bölmələrin, motoatıcı bölmələrin və digər qoşun hissələrinin hazırlığından qat-qat yüksək idi. Bu hazırlıq Böyük Qafqaz dağlarının müxtəlif istiqamətlərində, həmçinin Naxçıvanda aparılmışdı. Ona görə də xüsusi təyinatlılar üçün Şuşa qalasına çatmaq, sıldırım qayalıqlardan qalxmaq problem deyildi. Bizim əsgərlər Şuşa qayalarına çatana qədər xüsusi təyinatlılarımız təxminən 10 kilometrlərlə məsafəni meşə və çətin relyef şəraitində, hündürlüklərə qalxaraq keçdilər və döyüş qabiliyyətlərini itirmədilər. Bu baxımdan Şuşa əməliyyatı xüsusi təyinatlıların hazırlığının, onların döyüş təcrübəsinin və seçilmiş taktikanın nəticəsi idi.

- Vətən müharibəsinin nəticələri Azərbaycan Ordusunun sonrakı inkişafında hansı dəyişikliklərə səbəb oldu? Müharibə zamanı əldə olunan təcrübə hərbi strategiya, silahlanma və qoşunların təşkilati quruluşuna necə təsir göstərdi?

- Müharibənin ilk günlərindən Azərbaycan çox ciddi döyüş təcrübəsi qazandı. Ermənilər yüzlərlə ağır texnikanı itirdilər. Onların həmin texnikanı bərpa etmək imkanları yox idi. Onlar onilliklər ərzində hazırladıqları müdafiə xəttini çox qısa müddətdə itirdilər. Bir ordu ki, yeni silahlar almır, texnoloji inkişafla maraqlanmır, onun gələcəyi yoxdur. Azərbaycan isə bunları əvvəlcədən görmüşdü. Bizim quru qoşunlarımızın və xüsusi təyinatlılarımızın da müharibə zamanı əldə etdikləri səviyyədə qalması nəzərdə tutulmur. Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ali Baş Komandanın sərəncamı ilə yeni komanda birlikləri yaradıldı.

Müasir dövrdə dünyanın qabaqcıl dövlətləri xüsusi əməliyyat qoşunları yaradırlar. Bu xüsusi əməliyyat qoşunları bizdə xüsusi təyinatlılardır. Sonradan komanda birlikləri də yaradıldı. Bu qoşunlar dağda, enişdə, yüksəkliklərdə və müxtəlif relyef şəraitində döyüş apara bilirlər. Silah-sursatla təminatları da çox yüksək səviyyədədir.

- Bu gün Azərbaycanın hərbi potensialının inkişafında əsas istiqamətləri necə xarakterizə edərdiniz? Silahlanmanın yenilənməsi və yeni hərbi texnologiyaların tətbiqi baxımından hansı proseslər gedir?

- Biz həm silah təminatında, həm təşkilati strukturda, həm də bütün qoşun növlərində modernləşmə və inkişaf istiqamətində irəliləyirik. Açıqlandı ki, biz Pakistandan müəyyən qırıcılar, o cümlədən JF-17 qırıcılarını alırıq.

Hərb məharəti hərbi təfəkkürdən irəli gəlir. Ona görə də ordu daim inkişaf etməli, müasir tələblərə uyğunlaşmalı və əldə olunan təcrübə əsasında öz imkanlarını genişləndirməlidir.

- Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi regionda təhlükəsizlik yanaşmalarına hansı təsirləri göstərdi?

- Biz Qarabağı, Şərqi Zəngəzuru qaytardıq. Bu nəticə, şübhəsiz ki, Azərbaycanın regiondakı hərbi-strateji mövqeyinə də təsir göstərdi. Lakin əldə olunan nəticə ilə kifayətlənmək olmaz. Əksinə, bundan sonra Azərbaycan Silahlı Qüvvələrinin ümumi müdafiə potensialının daha da gücləndirilməsi əsas məsələlərdən biri olaraq qalmalıdır. Müasir dövrdə hərbi üstünlük yalnız əldə olunan nəticələrlə deyil, həmin nəticələri qorumaq və yeni təhlükələrə qarşı hazır olmaq imkanları ilə də ölçülür. Buna görə də Azərbaycan Ordusunun döyüş hazırlığının, silahlanmasının, texniki imkanlarının və müxtəlif qoşun növlərinin inkişafının davam etdirilməsi vacibdir.

Vətən müharibəsində əldə olunan təcrübə də göstərdi ki, müasir müharibədə hazırlıq, texnologiya, kəşfiyyat və düzgün təşkilati quruluş bir-birini tamamlamalıdır. Azərbaycanın bundan sonrakı mərhələdə də ümumi müdafiə potensialına diqqət yetirməsi, Silahlı Qüvvələrin bütün istiqamətlər üzrə inkişafını davam etdirməsi mühüm əhəmiyyət daşıyır. Biz coğrafi baxımdan elə bir regiondayıq ki, Silahlı Qüvvələrin ümumi müdafiə potensialının inkişafına daim diqqət yetirməliyik.

Müəllif: Roza Şəfiyeva

Mənbə: publika.az