Qarabağ minalardan nə vaxt tam təmizlənəcək? - Tarix açıqlandı

Qarabağ minalardan nə vaxt tam təmizlənəcək? -   Tarix açıqlandı

Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 298 min hektardan çox sahə minalardan və digər partlayıcı sursatlardan təmizlənib.

Bu müddətdə 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib.

İndiyədək isə 437 Azərbaycan vətəndaşı mina hadisələrinin qurbanı olub. Onlardan 73 nəfər həlak olub, 364 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev minatəmizləmə prosesinin başa çatması üçün təxminən 25 il vaxt lazım ola biləcəyini deyib. Onun sözlərinə görə, hazırkı temp qorunarsa, ərazilərin tam təmizlənməsi təxminən 2045-ci ildə başa çata bilər:
“Prosesin sürətləndirilməsi mümkündür. Bunun üçün əlavə donorlar, maliyyə vəsaiti, hazırlıqlı minatəmizləmə heyətləri, texnika və avadanlıqlar lazımdır. Hazırda minatəmizləmə işlərinin böyük hissəsi Azərbaycanın öz imkanları hesabına həyata keçirilir. Azərbaycan prosesi sürətləndirmək üçün müasir texnologiyalardan və innovativ üsullardan istifadə istiqamətində addımlar atır.
Lakin prosesi maksimum 15-20 faiz sürətləndirmək mümkün ola bilər. Çünki söhbət yalnız minalardan getmir. Ərazilərdə partlamamış hərbi sursatlar da var. Onların bir qismi insanların ayaq basmadığı ərazilərdə yerləşir. Bu isə prosesin daha uzun çəkməsinə səbəb olur”.

Mənbə: www.bakupost.az