Rusiyadan rekord müharibə büdcəsi: Hər gün 47 milyard xərclənəcək

Rusiyadan rekord müharibə büdcəsi: Hər gün 47 milyard xərclənəcək

Rusiya hakimiyyəti 2027-ci il büdcəsində müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

Bu barədə "Reuters" Rusiya Maliyyə Nazirliyinin materiallarına istinadən məlumat yayıb.

Bildirilib ki, gələn il ordu və silah tədarükünə 17,1 trilyon rubl (təxminən 344,1 milyard manat) ayrılması nəzərdə tutulur. Bu, 2026-cı il büdcəsində nəzərdə tutulan 12,9 trilyon rubldan (259,5 milyard manat) 32 faiz çoxdur. Son məlumatda 2027-ci il üçün artım əvvəlki planla müqayisədə 27 faiz kimi göstərilib.

Hökumətin bu həftə təsdiqlədiyi və oktyabrın 1-də Dövlət Dumasına təqdim edilməsi gözlənilən büdcə layihəsinə əsasən, gələn il bütün dövlət xərclərinin təxminən 35 faizi ordunun maliyyələşdirilməsinə yönəldiləcək. Bu göstəricinin SSRİ dövründən bəri ən yüksək hədd olacağı bildirilib.

Müharibənin gündəlik yükü 47 milyard rubla çatacaq

Məlumata görə, Rusiyanın hərbi xərcləri orta hesabla ayda 1,42 trilyon rubl (28,6 milyard manat), gündə 46,9 milyard rubl (943,6 milyon manat), saatda isə təxminən 2 milyard rubl (40,2 milyon manat) təşkil edəcək.

Hökumət yaxın illərdə hərbi xərclərin ciddi şəkildə azalacağını da gözləmir. 2028-ci ildə müdafiəyə 16,6 trilyon rubl (334 milyard manat), 2029-cu ildə isə 16,3 trilyon rubl (328 milyard manat) ayrılması planlaşdırılır. Bu məbləğlər ümumi büdcə xərclərinin müvafiq olaraq 32,6 və 30,4 faizini təşkil edəcək.

Bir il əvvəl hazırlanmış üçillik büdcədə 2027-ci il üçün müdafiə xərcləri 13,5 trilyon rubl (271,6 milyard manat), 2028-ci il üçün isə 13 trilyon rubl (261,6 milyard manat) nəzərdə tutulmuşdu. Yeni layihədə bu rəqəmlər müvafiq olaraq 3,1 trilyon rubl (62,4 milyard manat) və 3,3 trilyon rubl (66,4 milyard manat) artırılıb.

Yeni vergilər hesabına hərbi büdcə

Hərbi xərclərin maliyyələşdirilməsi üçün Rusiyada gələn ildən bir sıra yeni vergi tədbirlərinin tətbiqi planlaşdırılır. Maliyyə Nazirliyinin hesablamasına görə, dağ-mədən, metallurgiya və qızıl hasilatı şirkətləri üçün nəzərdə tutulan əlavə vergi gələn il büdcəyə 200 milyard rubl (4 milyard manat), üç il ərzində isə 600 milyard rubl (12,1 milyard manat) gətirə bilər.

Bundan başqa, fiziki şəxslərin bank depozitlərindən faiz gəlirləri, dividendlər və qiymətli kağızlarla əməliyyatlardan əldə etdikləri passiv gəlirlərə tətbiq edilən gəlir vergisinin maksimal dərəcəsinin 22 faizə yüksəldilməsi nəzərdə tutulur. Xarici internet mağazalarından edilən alışlar da 22 faizlik ƏDV-yə cəlb olunacaq.

Büdcə kəsirinin maliyyələşdirilməsi üçün isə gələn il 7,7 trilyon rubl (154,9 milyard manat), 2028-ci ildə 7,4 trilyon rubl (148,9 milyard manat) borclanma planlaşdırılır. Bu, əvvəlki büdcə planından ümumilikdə 3,6 trilyon rubl (72,4 milyard manat) çoxdur.

2022-ci ildən müharibəyə 57 trilyon rubl xərclənib

Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun iqtisadçısı Yanis Kluqenin hesablamalarına görə, 2022-ci ilin əvvəlindən 2026-cı ilin ortalarına qədər Rusiya müharibəyə məxfi və əlaqəli büdcə maddələri də daxil olmaqla ümumilikdə 57 trilyon rubl (təxminən 1,15 trilyon manat) xərcləyib.

Onun hesablamasına əsasən, bu məbləğ Rusiyanın hazırkı ümumi daxili məhsulunun təxminən 28 faizinə bərabərdir.

Növbəti ilin yekununda müharibəyə çəkilən ümumi xərclərin 74 trilyon rubla (təxminən 1,49 trilyon manat) çatacağı proqnozlaşdırılır. "Reuters"in məlumatına görə, bu məbləğ 876 milyard dollara bərabərdir və Rusiya Mərkəzi Bankının sentyabrın 18-nə olan 748,2 milyard dollarlıq beynəlxalq ehtiyatlarını üstələyə bilər.

Mənbə: publika.az