Britaniyanın Xüsusi Hava Desant Xidmətinin (SAS) hərbçiləri əməliyyatlar zamanı insanlara qarşı silah tətbiq etməkdən çəkinirlər. Onlar hərbi cinayətlərə görə məhkəmə qarşısına çıxarılmaq istəmirlər.
Bu barədə “The Telegraph” qəzeti mənbələrinə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, xüsusi təyinatlılar insanlara atəş açmağın tələb olunduğu əməliyyatlardan yayınmağa çalışırlar. Narahatlığın əsas səbəbi hakimiyyətin sifarişi ilə Əfqanıstanda xüsusi təyinatlı qüvvələrin fəaliyyəti ilə bağlı aparılan araşdırmadır. Bildirilir ki, xüsusi təyinatlıların zabitləri missiyalardan birbaşa imtina etmirlər, lakin həmin əməliyyatlarda iştirak etmək üçün namizədliklərini irəli sürməkdən mümkün qədər çəkinirlər.
SAS-ın adının açıqlanmasını istəməyən zabitlərindən biri qəzetə bildirib ki, araşdırmanın birbaşa toxunduğu bəzi şəxslər baş verənlərə ehtiyatla yanaşır və müəyyən növ tapşırıqlara daha az həvəslə razılıq verirlər. O, Əfqanıstanda mümkün hərbi cinayətlərlə bağlı araşdırma ətrafında yaranmış vəziyyəti zəhərli adlandırıb.
Bundan əvvəl “The Times” Britaniya xüsusi təyinatlı qüvvələrinin Əfqanıstan və Suriyada mülki əhalinin kütləvi qətlində şübhəli bilindiyini yazmışdı. Xüsusi təyinatlılar yerli sakinləri yalnız terrorizmlə əlaqədə şübhəli bilinmələri əsasında öldürməkdə ittiham olunublar. Əfqanıstanda aparılan araşdırma Britaniya xüsusi təyinatlılarının sıralarından olan yeddi şahidin ifadələrinə əsaslanır. Onlar iddia edirlər ki, SAS-ın üç bölməsi 2010-2013-cü illərdə gecə reydləri zamanı təxminən 80 əfqanı edam edib.
Mənbə: publika.az