Rusiyanın noyabrın 19-da Kiyevə endirdiyi zərbələr nəticəsində Niderland və Avstriyanın diplomatik nümayəndəlikləri zədələnib. Hadisə Niderland istehsalı raketlərin Krım körpüsünə hücumda istifadə edildiyinin açıqlanmasından və Moskvanın Haaqaya sərt xəbərdarlığından cəmi iki gün sonra baş verib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, hər iki ölkənin hökuməti səfirliklərinə ziyan dəydiyini təsdiqləyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Niderlandın xarici işlər naziri Tom Berendsenin sözlərinə görə, mərmi diplomatik nümayəndəliyin arxasında yerləşən binaya düşüb və səfirliyə cüzi ziyan vurub. Bloomberg-in məlumatına əsasən, Niderland Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Rusiyanın səfirini izahat vermək üçün çağırıb.
Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinger isə Kiyevə hücumların intensivləşməsi səbəbindən diplomatik nümayəndəliyin təhlükəsizliyinin gücləndirilməsi barədə göstəriş verdiyini bildirib.
Krım körpüsünə hücumdan sonra Moskvadan xəbərdarlıq
Xatırladaq ki, noyabrın 17-də Niderlandın “Destinus” müdafiə şirkəti Ukrayna ordusunun Krım körpüsünə hücum zamanı onun istehsalı olan “Ruta” qanadlı raketlərindən istifadə etdiyini açıqlayıb.
Şirkətin məlumatına görə, hücumlar nəticəsində körpünün daşıyıcı konstruksiyası zədələnib, növbəti zərbə zamanı isə aşırımlardan biri dağılıb.
Bundan sonra Rusiyanın diplomatik nümayəndəliyi Niderlandın Ukrayna müharibəsində iştirakının getdikcə dərinləşdiyini bəyan edib.
Moskvanın açıqlamasında bildirilirdi ki, Haaqanın hərəkətləri münaqişənin uzanmasına və gərginliyin artmasına səbəb olur. Rusiya tərəfi Niderlandı müharibənin kənar müşahidəçisi hesab etməyin getdikcə çətinləşdiyini vurğulayıb.
Beləliklə, Krım körpüsünə hücumla bağlı açıqlamadan sonra Niderland səfirliyinin Rusiya zərbələri nəticəsində zədələnməsi diqqət çəkir. Lakin diplomatik nümayəndəliyin qəsdən hədəfə alındığını və hadisənin Krım körpüsünə hücumla əlaqəli olduğunu təsdiqləyən məlumat yoxdur.
Mənbə: www.musavat.com