2026-cı il FIFA Dünya Çempionatına vəsiqə qazanan ən maraqlı komandalardan biri İsveç olub. Avropa seçmə mərhələsində heç bir qələbə qazana bilməyən və qrupunu sonuncu pillədə başa vuran İsveç millisi UEFA Millətlər Liqası vasitəsilə pley-offa yüksələrək mundiala vəsiqə əldə edib.
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il Dünya Çempionatında İsveç F qrupunda Niderland, Yaponiya və Tunislə mübarizə aparacaq.
İsveç Avropa seçmə mərhələsində keçirdiyi altı oyunda qələbə qazana bilməyib. Komanda iki heç-heçə edib, dörd məğlubiyyət alaraq qrupu sonuncu sırada tamamlayıb.
Seçmə mərhələdə İsveçin nəticələri:
Sloveniya – İsveç 2:2,
Kosovo – İsveç 2:0,
İsveç – İsveçrə 0:2,
İsveç – Kosovo 0:1,
İsveçrə – İsveç 4:1,
İsveç – Sloveniya 1:1.
Seçmə mərhələdə uğursuz çıxış etməsinə baxmayaraq, UEFA Millətlər Liqasındakı nəticələri İsveçə əlavə şans qazandırıb. Qrupunu lider başa vuran skandinavlar pley-off mərhələsinə yüksəldiblər.
Pley-off yarımfinalında Ukraynanı 3:1 hesabı ilə məğlub edən İsveç finalda Polşa üzərində 3:2 hesablı qələbə qazanaraq Dünya Kubokuna vəsiqəni rəsmiləşdirib.
İsveç millisi tarixində 13-cü dəfə DÇ-də iştirak edəcək. Komandanın mundiallardakı ən böyük uğuru ev sahibliyi etdiyi 1958-ci ildə finala yüksəlməsi olub.
2022-ci il Qətər Dünya Çempionatına qatıla bilməyən İsveç yenidən futbolun ən mötəbər turnirinə qayıdacaq.
Mənbə: qafqazinfo.az