"Opta" statistik platformasının superkompüteri futbol üzrə dünya çempionatının pley-off mərhələsinin əvvəlində Fransanı turnirin əsas favoriti adlandırıb.
Fransanın qələbə qazanma ehtimalı 18,7% qiymətləndirilir. Favoritlər üçlüyünə həmçinin Argentina (16,3%) və İspaniya (13,5%) milli komandaları daxildir.
Fransa 2026-cı il dünya çempionatının üçüncü turunun oyununda Norveçə qalib gəlib.
Oyun Massaçusets ştatının Foksboro şəhərindəki "Jillett" stadionunda keçirilib və 4:1 hesabı ilə başa çatıb. Qaliblərin heyətində hücumçu Usman Dembele het-trik edib, digər qolu isə Dezire Due vurub. Norveçlilərdən Telo Osqaard fərqlənib.
Bu qələbədən sonra fransızlar doqquz xal toplayaraq I qrupun turnir cədvəlində birinci pillədə möhkəmləniblər. Norveçlilər isə altı xal toplayaraq ikinci olublar.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçirilir. Hazırkı dünya çempionu 2022-ci ilin finalında Fransa milli komandasına qalib gələn Argentina yığmasıdır.
Hüseyn İbadlı
Mənbə: publika.az