Meksika milli komandasının yarımmüdafiəçisi Xilberto Mora dünya çempionatları tarixində əfsanəvi braziliyalı Pelenin unikal nailiyyətini təkrarlayıb.
Bu barədə "Opta" statistik portalı "X" sosial şəbəkəsində məlumat yayıb.
Ekvadorla keçirilən və 2:0 hesablı qələbə ilə başa çatan 1/16 final matçında 17 yaşlı futbolçu start heyətində meydana çıxıb və 59 dəqiqə yaşıl meydanda mübarizə aparıb.
Bununla da Mora dünya çempionatının pley-off mərhələsinə əsas heyətdə başlayan 18 yaşa qədər ikinci oyunçu kimi tarixə düşüb. Bu sahədə ilk belə uğur 1958-ci il dünya çempionatının Uelsə qarşı dörddəbir finalında 17 yaş 239 günlüyündə start heyətində yer alan Peleyə məxsusdur. Meksikalı gənc braziliyalı əfsanədən cəmi 20 gün geri qalıb - Ekvadorla matç günü onun 17 yaşı və 259 günü tamam olub.
Ekvador üzərində qazanılan qələbə Meksika millisinə dünya çempionatının 1/8 finalına vəsiqəni təmin edib. Bu nəticə ilə meksikalılar 1986-cı ildən bəri ilk dəfə dünya çempionatının pley-off mərhələsində qələbə sevincini yaşayıblar.
Dünya çempionatının 1/8 finalında Meksika yığması İngiltərə və Konqo DR arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.
Turnirin 1/8 final oyunları iyulun 4-dən 7-dək keçiriləcək. Xatırladaq ki, builki dünya çempionatı ilk dəfə 48 komandanın iştirakı ilə üç ölkənin - ABŞ, Kanada və Meksikanın ərazisində təşkil olunur. Nüfuzlu turnirə iyulun 19-da yekun vurulacaq.
Mənbə: oxu.az