Arıqlama dərmanları idmançıların performansını artıra bilərmi?

Arıqlama dərmanları idmançıların performansını artıra bilərmi?

Arıqlamaq üçün istifadə olunan GLP-1 qrupuna aid dərmanların peşəkar idmançıların fiziki göstəricilərinə təsiri ilə bağlı müzakirələr artır. Mütəxəssislər bildirirlər ki, bu preparatların performansı artırıb-artırmadığını təsdiqləyən kifayət qədər elmi dəlil hələ yoxdur.

BBC-yə istinadən xəbər verilir ki, mövzu tennis əfsanəsi Serena Uilyamsın arıqlamaq üçün GLP-1 preparatlarından istifadə etdiyini açıqlamasından sonra daha çox gündəmə gəlib. İdmançının sözlərinə görə, preparat qəbul etdikdən sonra çəkisini azaltmaqla yanaşı, ürək-damar sağlamlığında və oynaqlarında da yaxşılaşma müşahidə edib.

GLP-1 preparatları iştahanı azaldaraq çəki itkisinə səbəb olur. Bəzi tədqiqatlar onların iltihabı azaltmaq, maddələr mübadiləsini yaxşılaşdırmaq və ürək-damar xəstəlikləri riskini aşağı salmaq kimi əlavə təsirlərə malik ola biləcəyini göstərir.

Hazırda bu dərmanlar peşəkar idmanda qadağan olunmuş preparatlar siyahısına daxil deyil. Bununla belə, Ümumdünya Antidopinq Agentliyi (WADA) GLP-1 preparatlarını monitorinq proqramına daxil edib və onların idmanda istifadəsini izləyir.

Mütəxəssislərin fikrincə, xüsusilə boks və güləş kimi çəki kateqoriyalarının olduğu idman növlərində belə preparatların istifadəsi mübahisə yarada bilər. Çünki idmançı dərman vasitəsilə daha asan çəki həddinə düşərək rəqibi qarşısında üstünlük əldə edə bilər.

Alimlər GLP-1 preparatlarının idmançılarda mümkün təsirlərinin kifayət qədər araşdırılmadığını vurğulayırlar. Preparatların əzələ kütləsinin azalmasına, mədə-bağırsaq problemlərinə və digər yan təsirlərə səbəb ola bilməsi də narahatlıq doğurur.

Əzələ itkisi isə güc, dözümlülük və zədələnmə riskinə birbaşa təsir göstərə bilər. Digər tərəfdən, əgər idmançı əsasən yağ kütləsini itirir və əzələ kütləsini qoruyursa, daha aşağı çəki bəzi idman növlərində hərəkət sürətinə və dözümlülüyə müsbət təsir göstərə bilər.

Digər mühüm problem isə kifayət qədər qidalanmamaqdır. GLP-1 preparatları iştahanı azaltdığı üçün ağır məşq edən idmançıların orqanizmin ehtiyac duyduğu qədər kalori qəbul etməsini çətinləşdirə bilər. Bu isə bərpanı, məşqə uyğunlaşmanı və nəticələri zəiflədə bilər.

Mütəxəssislər hesab edirlər ki, GLP-1 preparatlarının sağlamlıq üçün müəyyən faydaları olsa da, onların peşəkar idmanda performansı artıran vasitə olub-olmadığını müəyyənləşdirmək üçün daha geniş araşdırmalara ehtiyac var. Bu səbəbdən preparatların gələcəkdə dopinq qaydaları çərçivəsində necə qiymətləndiriləcəyi ilə bağlı müzakirələrin davam edəcəyi gözlənilir.

Mənbə: publika.az