İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Maykl Kerrikin vəzifəsindən ayrılması gündəmdədir.
“The Telegraph” nəşrinə istinadən xəbər verilir ki, 45 yaşlı ingiltərəli mütəxəssisin rəhbərlik etdiyi komanda ardıcıl səkkiz oyundur qələbə qazana bilmir. Bu müddətdə “qırmızı şeytanlar” beş dəfə məğlub olub, üç heç-heçə edib. Dünən “Bornmut”a 0:3 hesabı ilə uduzan komanda İngiltərə Premyer Liqasının turnir cədvəlində 16-cı yerə düşüb. Böyükhesablı məğlubiyyət Kerrikin vəzifəsində qalmasını sual altına salıb.
Məlumata görə, klub rəhbərliyi bu gün təcili iclas keçirəcək. Klubun idman direktoru Ceyson Uilkoks və icraçı direktoru Ömər Berrada da daxil olmaqla, rəhbər şəxslər növbəti addımları müzakirə etmək üçün bu gün bir araya gələcəklər. Görüşdə baş məşqçinin gələcəyi və komandanın bundan sonrakı fəaliyyəti müzakirə olunacaq.
Bu isə o deməkdir ki, “Mançester Yunayted” 2026-cı ildə üçüncü baş məşqçisini təyin etmək məcburiyyətində qala bilər. Artıq Kerrikin mümkün əvəzləyiciləri ilə bağlı namizədlər də nəzərdən keçirilir. Siyahıda Eddi Hau və Yulian Naqelsmannın adları ön plana çıxır. Həmçinin “Aston Villa”nın baş məşqçisi Unay Emeri və “Brayton”a rəhbərlik edən Fabian Hürtselerin namizədliyi müzakirə olunur. Lakin bu mütəxəssislərin kluba gətirilməsi həm çətin, həm də yüksək xərc tələb edən proses ola bilər.
Bundan başqa, Antonio Konte və Kiran Makkennanın adları da mətbuatda mümkün namizədlər sırasında hallanır.
Qeyd edək ki, “Mançester Yunayted” sonuncu qələbəsini Çempionlar Liqasında “Sabah” üzərində qazanıb.
Mənbə: unikal.az