“Bu akademiyanın Azərbaycanda qurulması ölkə idmanı üçün böyük təcrübə olacaq”

“Bu akademiyanın Azərbaycanda qurulması ölkə idmanı üçün böyük təcrübə olacaq”

“Avropa Ağırlıqqaldırma Akademiyasının Azərbaycanda qurulması ölkə idmanı üçün böyük təcrübə olacaq. Bu işi dövlətimizin adına layiq səviyyədə icra etməyə çalışacağıq”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Avropa üzrə Beynəlxalq Tədris Mərkəzinin (BTM) təşkil edilmə hüququnun ölkəmizə verilməsi barədə danışarkən deyib.

O, bunun yalnız federasiyanın deyil, bütövlükdə Azərbaycan idmanının nailiyyəti olduğunu bildirib: “Bu gün idman kompleks yanaşma tələb edir. Məşqləri yüksək səviyyədə keçirmək, idmançı yetişdirmək və birinci olmaq medalın görünən tərəfidir. Bu uğurun təməlində gərgin iş və beynəlxalq səviyyədə qurulan əlaqələr dayanır. Çünki qitə miqyaslı akademiyaya ev sahibliyi etmək üçün yüksək etimad qazanmalısan. Bu işi sizə həvalə edən insanlar əmin olmalıdırlar ki, vəzifənin öhdəsindən layiqincə gələ biləcəksiniz. Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi Azərbaycanda idmana dövlət səviyyəsində diqqətin olduğunu gördü. Prezident İlham Əliyevin hər idman növü ilə ayrılıqda maraqlanması və göstərdiyi həssas münasibət onlarda əminlik yaratdı”.

AAF rəsmisi dünyada cəmi 5 belə Ağırlıqqaldırma Akademiyasından birinin məhz Azərbaycanda qurulmasının əhəmiyyətindən bəhs edib: “Avropada cəmi bir akademiya olacaq ki, o da Bakıda qurulacaq. Qitənin 50-dən çox ölkəsinin diqqəti bizə yönələcək. Burada seminarlar, məşqçilik kursları, təlim-məşqlər təşkil olunacaq. Akademiyanın fəaliyyət planını tam olaraq ifadə etmək zaman alar. Təkcə onu deyim ki, burada çoxşaxəli iş prosesindən söhbət gedir”.

F.Umudov bu hadisənin ölkəmizdə ağırlıqqaldırmanın inkişafına təkan verəcəyini söyləyib: “Son illərdə ağırlıqqaldırma idmanında qazanılan nəticələr göz qabağındadır. İndiki dövrdə hansısa ölkəni aşkar favorit adlandırmaq olmur. Siz idmançını körpücük üzərində bir neçə dəqiqə görürsünüz. Onun uğur qazanması üçün cəmi 6 yanaşması olur. Ağırlıq mərkəzindən ani yayınma uğursuz cəhd ilə nəticələnir. Təsəvvür edin ki, bu akademiya Azərbaycan və Avropa üçün ağırlıq mərkəzi olacaq. Buradakı bütün təşkilati yanaşmalarımız uğurlu olmalıdır. Bütün ölkələrin ən təcrübəli mütəxəssisləri Bakıya gələcəklər. Bu, idmanımıza həm nəzəri, həm də təcrübə baxımından zənginlik qatacaq. Potensialımızı tam üzə çıxara biləcəyik”.

Federasiyanın vitse-prezidenti Bəhreyn səfərində keçirilmiş bir sıra görüşlərdə akademiyanın fəaliyyət istiqamətlərinin müzakirə olunduğunu da qeyd edib: “Gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və mən Bəhreyndə bir sıra görüşlərdə iştirak etdik. Bilirsiniz ki, bir müddət öncə həm Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Calud, həm də Avropa Ağırlıqqaldırma Federasiyasının rəhbəri Antonio Konflitti Azərbaycanda səfərdə olmuşdu. Demək istəyirəm ki, yüksək səviyyədə təmaslarımız öncədən qurulmuşdu. Bu dəfə əsasən akademiyanın fəaliyyət istiqamətlərindən danışdıq. Onlar üçün bu idman növünün coğrafiyasının genişlənməsi prioritet məsələlərdəndir. Düşünürəm ki, növbəti il bir çox yeniliklərlə yadda qalacağıq”.

Qeyd edək ki, Avropa Ağırlıqqaldırma Akademiyasının Bakıda “ASK Arena”da yerləşməsi nəzərdə tutulub.

Mənbə: qafqazinfo.az