İngiltərə Premyer Liqasının 35-ci turunda “Çelsi” “Liverpul”u qəbul edib.
Baş hakim Saymon Huperin idarə etdiyi matç “Stemford Bric”də baş tutub.
Turun mərkəzi qarşılaşması artıq ötən həftə çempionluğunu elan etmiş “Liverpul” üçün turnir əhəmiyyəti daşımasa da, növbəti mövsümü Çempionlar Liqasında mübarizə aparmağı hədəfləyən “Çelsi” üçün 3 xal baxımından vacib idi. Təsadüfi deyil ki, oyuna fəal başlayan tərəf elə “zadəganlar” olub: artıq 3-cü dəqiqədə Entso Fernandes qapıçı Alisson Bekeri məyus edib. Matçda ikinci qol da ev sahiblərinin aktivinə yazılıb: “qırmızılar”ın müdafiəçisi Carell Kvansa topu öz qapısına göndərib. Oyunun sonuna doğru təşəbbüsü ələ alan Mersisayd təmsilçisi qollardan birinin əvəzini çıxıb: 85-ci dəqiqədə kapitan Vircil van Dayk Aleksis Mak Allisterin ötürməsindən sonra topu başla qapıya yönləndirib. Bununla belə, ümumi vaxta əlavə edilmiş 6-cı dəqiqədə Kol Palmer təyin edilmiş 11 metrlik cərimə zərbəsini qola çevirərək oyunda son nöqtəni qoyub: “Çelsi” – 3, “Liverpul” – 1.
Beləliklə, 35 oyundan sonra “Çelsi”nin 63 xalı var. Komanda Çempionlar Liqasına vəsiqə qazandıran 5-ci pillədədir. 82 xala malik “Liverpul” isə vaxtından əvvəl çempionluğunu elan edib.
Mənbə: report.az