ABŞ-də keçirilən klublararası dünya çempionatının qrup mərhələsi çərçivəsində baş tutan “İnter” – “River Pleyt” qarşılaşmasında gərgin anlar yaşanıb.
Matç italiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb, lakin oyunun son dəqiqələrində futbolçular arasında kütləvi dava düşüb.
Əsas insident 93-cü dəqiqədə baş verib. “İnter”in ikinci qolundan dərhal sonra komandalar arasında onsuz da gərgin olan münasibətlər daha da alovlanıb. Matç ərzində bir neçə dəfə toqquşan cinah müdafiəçiləri - Markos Akunya (“River Pleyt”) və Denzel Dyumfris (“İnter”) bir daha üz-üzə gəlib. Bu dəfə mübahisə fiziki qarşıdurmaya çevrilib.
Hadisəyə müdaxilə etmək istəyən oyunçular arasında itişmə yaşanıb, və nəticədə “River Pleyt”dən Qonsalo Montiel qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Akunya isə qarşı tərəfi təxribatla daha da qızışdırıb.
Qarşıdurmanın sonunda Dyumfris stadionu tərk edib, lakin paltardəyişmə otağına doğru qaçarkən tribunadan müxtəlif əşyaların atılması ilə üzləşib. Hadisə yerində təhlükəsizlik əməkdaşları vəziyyəti nəzarət altına almağa çalışıblar.
FİFA-nın bu hadisə ilə bağlı intizam tədbirləri görəcəyi gözlənilir.
Heybət
Mənbə: publika.az