Çinin "DeepSeek" şirkətinin təsisçisi Lyan Venfen süni intellekt modellərinin yaradıcıları arasında dünyanın ən varlı sahibkarı olub.
Bu barədə "Bloomberg" məlumat yayıb.
"Bloomberg Billionaires Index"in məlumatına görə, Lyanın sərvəti iki dəfədən çox artaraq 16,7 milyard dollardan 36 milyard dollara yüksəlib. Bununla da o, "Anthropic" şirkətinin həmtəsisçisi Dario Amodei və "OpenAI"nin həmtəsisçisi Qreq Brokmanı geridə qoyub.
Lyanın sərvətinin əsas hissəsini "DeepSeek" şirkətindəki payı təşkil edir. Agentliyin məlumatına görə, investorların yüksək marağı nəticəsində şirkətin dəyəri aprellə müqayisədə təxminən beş dəfə artıb. Həmin vaxt şirkət 10 milyard dollar dəyərində qiymətləndirilirdi.
2026-cı ilin iyununda keçirilən və həcmi 7,4 milyard dollar olan investisiya raundundan sonra "DeepSeek"in dəyəri 50 milyard dollara çatıb. Lyan bu raund çərçivəsində 3 milyard dollar sərmayə yatırdığından, onun şirkətdəki payı təxminən 78 faizə enib.
Mənbə: az.trend.az