15+ qadağası Azərbaycana nə vaxt çatacaq?

15+ qadağası Azərbaycana nə vaxt çatacaq?

Fransa parlamenti 15 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu qəbul edib. 2027-ci ilin yanvarından qüvvəyə minəcək bu qanun Avropada ilk olacaq. Qanun çərçivəsində qadağa iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə, 2026-cı ilin sentyabr ayından etibarən 15 yaşdan kiçik şəxslər sosial şəbəkələrdə yeni hesab aça bilməyəcəklər. Həmin tarixdən sonra yaradılan bütün yeni hesablar üçün yaşın təsdiqlənməsi məcburi olacaq.

İkinci mərhələdə isə 2027-ci ilin yanvarından etibarən bu tələb mövcud bütün hesablara da şamil ediləcək. Beləliklə, Fransada sosial şəbəkələrdən istifadə edən hər kəs yaşını təsdiqləməli olacaq. Yaşını 15-dən yuxarı olduğunu sübut edə bilməyən istifadəçilərin platformalara çıxışı məhdudlaşdırılacaq.


Qanuna əsasən, sosial media şirkətləri Fransa Məlumatların Mühafizəsi üzrə Tənzimləyici Qurumu tərəfindən təsdiqlənmiş yaşın yoxlanılması sistemlərindən istifadə etməli olacaqlar. Hökumət bildirir ki, bu texnologiyalar artıq mövcuddur və onların tətbiqi həm effektiv, həm də təhlükəsizdir.
Uşaqların sosial şəbəkələrə girişi qadağan olunacaq - Sərəncam

Fransa prezidenti Emmanuel Makron qanunun qəbulunu alqışlayaraq bildirib ki, bu təşəbbüs onun prezidentlik dövrünün əsas vədlərindən biri idi. O, sosial şəbəkələrin uşaqların psixi sağlamlığına mənfi təsiri ilə bağlı artan narahatlıqlar fonunda belə addımın zəruri olduğunu vurğulayıb.

Azərbaycanda da bu qanun qəbul edilməlidirmi? Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Musavat.com-a danışıb.

Sosioloq qeyd edib ki, Azərbaycanda da bu cür qanunun qəbul edilməsinə ehtiyac var:

“Sosial şəbəkələr və ümumilikdə rəqəmsal mühit qlobal xarakter daşıyır. Buna görə də dünyanın əksər ölkələrində hökumətlər bu sahədə təhlükəsizlik tədbirləri görməyə çalışırlar. Sosial şəbəkələrin bir çox müsbət tərəfləri olduğu kimi, mənfi və neqativ təsirləri də mövcuddur. Məhz buna görə dövlətlər həm hüquqi, həm də texniki tənzimləmə mexanizmləri formalaşdırırlar. Bu gün bir çox ölkələrdə süni intellektlə bağlı milli strategiyalar qəbul edilir, rəqəmsal təhlükəsizlik tədbirləri gücləndirilir, internetdən istifadə qaydaları yenilənir və uşaqların rəqəmsal mühitdə qorunmasına xüsusi diqqət ayrılır.
Azərbaycanda da bu istiqamətdə müəyyən addımlar atılıb. Məsələn, ölkə başçısı tərəfindən 2018-ci ildə uşaq və yeniyetmələrin zərərli informasiyadan qorunması ilə bağlı qanun imzalanıb. Bundan başqa, 27 fevral 2026-cı ildə "Rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli kontentdən və informasiyadan qorunması haqqında" Sərəncam imzalanıb. Həmin sərəncamda Nazirlər Kabinetinə üç ay müddətində bir sıra mühüm tapşırıqlar verilib. Buraya məktəbəqədər müəssisələrdə və məktəblərdə uşaqların internet resurslarından və süni intellekt texnologiyalarından istifadə qaydalarının müəyyənləşdirilməsi, bu mövzuların tədris proqramlarına və kurikulumlara daxil edilməsi, eləcə də qabaqcıl beynəlxalq təcrübə öyrənilməklə məktəblərdə və məktəbəqədər müəssisələrdə internet resurslarından, smart qurğulardan və süni intellekt texnologiyalarından istifadə ilə bağlı yaş məhdudiyyətlərinin və müxtəlif süzgəc mexanizmlərinin tətbiqi kimi məsələlər daxildir. Ümumiyyətlə, sosial şəbəkələrin fəaliyyəti ilə bağlı hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda da yeni hüquqi reallıq formalaşacaq. Çünki Türkiyə, Avstraliya, Fransa və Almaniyada olduğu kimi, Azərbaycanda da sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətinin tətbiqi gözlənilir. Bildiyimə görə, bu istiqamətdə artıq müəyyən irəliləyişlər var və 16 yaş məhdudiyyətinin tətbiqi müzakirə olunur”.

Azərbaycanda hansı yaşda uşaqlara sosial şəbəkə qadağan ediləcək?

Sosioloq hesab edir ki, 16 yaş məhdudiyyətinin müəyyənləşdirilməsi təqdirəlayiq addımdır: “Burada xüsusilə nəzərdə tutulur ki, valideynin və ya qəyyumun icazəsi və nəzarəti olmadan 16 yaşınadək uşaq və yeniyetmələrin rəqəmsal platformalarda müstəqil şəkildə hesab açması mümkün olmasın. Bu, çox vacib və müsbət yanaşmadır.

Amma bu addım zəruridir, lakin kifayət deyil. Bunun effektiv olması üçün əlavə nəzarət və müşahidə mexanizmlərinə də ehtiyac var. İlk növbədə valideynlərin uşaqlar üzərində yumşaq və məsuliyyətli nəzarəti gücləndirilməlidir. Eyni zamanda internet resurslarından istifadə ilə bağlı texniki nəzarət mexanizmləri də təkmilləşdirilməlidir.

Çünki bəzən görürük ki, bəzi valideynlər sadəcə öz telefonlarını uşağın əlinə verərək onu cizgi filmi və ya digər videolar izləməklə məşğul edirlər. Belə məsuliyyətsiz yanaşmalar da mövcuddur. Elə buna görə də yaş məhdudiyyəti tətbiq olunan ölkələrdə belə problem tam həllini tapmayıb. Texniki nəzarət mexanizmləri hələ də tam təkmil deyil və dövlətlər daha effektiv həll yolları üzərində işləyirlər. Yəni təkcə 16 yaş məhdudiyyəti tətbiq etməklə məsələ həll olunmur”.

Üzeyir Şəfiyevin fikrincə, digər mühüm məsələ isə alternativlərin yaradılmasıdır: “Əgər uşaqlara sadəcə "16 yaşına qədər sosial şəbəkələrdən istifadə etmək olmaz" deyiriksə, bunun əvəzində onlara başqa imkanlar da təqdim etməliyik. Uşaqlar üçün oflayn məşğulluq imkanları, maraq dairələri, idman, incəsənət, yaradıcılıq və digər fəaliyyət istiqamətləri genişləndirilməlidir. Məktəblər, aidiyyəti dövlət qurumları, Gənclər və İdman Nazirliyi, eləcə də uşaq təşkilatları uşaqların asudə vaxtının səmərəli təşkili üçün yeni proqramlar hazırlamalıdırlar. Onların yaradıcı potensialını üzə çıxaran layihələr həyata keçirilməlidir. Çünki uşaq haqlı olaraq soruşacaq: "Əgər sosial şəbəkədən istifadə edə bilmirəmsə, bəs vaxtımı necə keçirim?" Məhz buna görə də qadağalarla yanaşı, uşaqlara sağlam və faydalı alternativlər də təqdim edilməlidir”.

Mənbə: musavat.com