Günəşi ilk dəfə belə görürsünüz - Fotolar - Video

Günəşi ilk dəfə belə görürsünüz - Fotolar - Video

Astronomlar Günəşin səthinin indiyədək əldə edilmiş ən yüksəkdəqiqlikli görüntülərini çəkərək, ulduzun görünən qatında dahi rəssam Van Qoqun məşhur “Ulduzlu gecə” əsərindəki səma naxışlarını xatırladan nəhəng burulğan strukturları müşahidə ediblər.

Tədqiqatçılar ABŞ Milli Elm Fondunun Havaydakı “Daniel K. İnouye” günəş teleskopundan istifadə edərək, Günəşin fotosfer adlanan xarici səth qatını araşdırıblar.

Müşahidələr zamanı həddindən artıq qızmış plazmada spiral formasında hərəkət edən strukturlar qeydə alınıb. Alimlərin sözlərinə görə, bu burulğanlar təxminən 19 kilometrdən 170 kilometrədək ölçülərə malikdir.

Tədqiqatçılar həm sabit görüntülər, həm də zaman aralığında çəkilmiş videolar vasitəsilə isti plazmanın daim hərəkətdə olduğunu və burulğanların formalaşdığını izləyiblər.

Alimlər bildirirlər ki, bu strukturlar təsadüfi formalar deyil. Onlar Günəş səthində Kelvin-Hemholts qeyri-sabitliyi (KHI) adlanan fiziki prosesin ilk müşahidəsi hesab olunur.

Bu hadisə iki fərqli sürətlə hərəkət edən qaz və ya maye axınının qarşılıqlı təsiri nəticəsində yaranan burulğanlarla xarakterizə olunur. Oxşar proseslər Yer atmosferində buludlarda, eləcə də, Yupiter və Saturnun atmosferlərində müşahidə edilib.

Milli Günəş Rəsədxanasının astronomu Fridrix Vöger bildirib ki, Günəşdəki prosesin əsas fərqi buradakı qarşılıqlı təsir edən axınların təxminən 5540 dərəcə Selsi temperaturunda olan isti plazmadan ibarət olması və maqnit sahələrinin təsiri altında baş verməsidir.

Alimlərin fikrincə, Kelvin-Hemholts qeyri-sabitliyi Günəşin maqnit sahəsində enerjinin necə toplandığını və sonradan necə sərbəst buraxıldığını anlamağa kömək edə bilər.

Bu proseslər Günəş alovlanmaları və tac kütləsinin atılması kimi hadisələrlə əlaqəlidir. Belə partlayışlar peyklərin fəaliyyətinə, GPS sistemlərinə, elektrik şəbəkələrinə və Yer üzündə rabitəyə təsir göstərə bilər.

Milli Günəş Rəsədxanasının astronomu David Kuridze qeyd edib ki, kəşf Günəşin atmosferini necə qızdırdığını və maqnit enerjisinin necə hərəkət etdiyini öyrənmək üçün yeni imkanlar yaradır.

Tədqiqatçılar elmi əhəmiyyətlə yanaşı, Günəşin yeni görüntülərinin vizual xüsusiyyətlərini də vurğulayıblar.

Fridrix Vöger bu görüntüləri “möhtəşəm” adlandıraraq, təbiətdəki axıcı hərəkətlərin insan sənətində də əks olunduğunu bildirib.

Alimlərin fikrincə, Van Qoqun “Ulduzlu gecə” əsərindəki fırlanan səma təsvirləri və Hokusainin “Kanaqava sahillərində Böyük Dalğa” əsərindəki burulğan formaları təbiətdəki eyni həndəsi nümunələri xatırladır.




Mənbə: qafqazinfo.az