Yaxın sutka ərzində Yer kürəsində geomaqnit vəziyyətin sakit qalacağı gözlənilir. Günəşdə aktivliyin bir qədər artmasına baxmayaraq, güclü maqnit qasırğasına səbəb ola biləcək proseslər müşahidə edilmir.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri məlumat yayıb.
Alimlərin sözlərinə görə, geomaqnit vəziyyət sakit, Günəşdə alışma aktivliyi isə bir qədər yüksəkdir.
Günəşin qərb hissəsində artıq kiçik partlayışlar qeydə alınıb. Lakin həmin aktiv bölgələr tədricən ulduzun Yer kürəsindən görünməyən əks tərəfinə keçir və yaxın zamanda müşahidədən çıxacaq.
Mütəxəssislər bildiriblər ki, bu bölgələrdə aktivliyin daha da güclənməsi belə Yer kürəsində geomaqnit vəziyyətə ciddi təsir göstərməyəcək.
Alimlər yaxın 24 saat ərzində güclü maqnit pozuntularının yaxınlaşmasına dair heç bir əlamət qeydə almayıblar.
Mənbə: publika.az