Bloomberg: Süni intellekt üçün data mərkəzlərinin tikintisi ABŞ-də narazılıq yaradır

Bloomberg: Süni intellekt üçün data mərkəzlərinin tikintisi ABŞ-də narazılıq yaradır

ABŞ administrasiyasının süni intellekt texnologiyalarının inkişafı üçün ölkədə data mərkəzlərinin tikintisini sürətləndirmək planları bir çox amerikalı tərəfindən dəstəklənmir.

Bu barədə “Bloomberg” mənbələrə və ictimai rəy sorğularına istinadən məlumat yayıb.

Agentliyin yazdığına görə, ABŞ rəsmiləri arasında süni intellektin tərəfdarları bu texnologiyanın ölkə iqtisadiyyatının gələcək inkişafı üçün vacib olduğuna inanırlar.

Lakin süni intellektin daha da inkişaf etdirilməsi genişmiqyaslı data mərkəzlərinin tikintisini tələb edir. “Bloomberg” qeyd edir ki, belə obyektlərin elektrik enerjisinə tələbatı artırması, elektrik şəbəkələrinə əlavə yük yaratması və nəticədə enerji qiymətlərinin yüksəlməsi ehtimalı amerikalılar arasında narahatlıq doğurur.

“Fox News” telekanalının iyulun sonunda açıqladığı sorğunun nəticələrinə əsasən, hər 10 amerikalı seçicidən 7-si yaşadığı ərazinin yaxınlığında süni intellekt üçün data mərkəzinin tikilməsini dəstəkləməyəcəyini bildirib.

Agentlik qeyd edir ki, ABŞ Prezidenti Donald Tramp ölkənin süni intellekt sahəsindəki nailiyyətlərindən mütəmadi danışır və yeni data mərkəzlərinin yaradılmasını fəal şəkildə dəstəkləyir.

Mənbə: apa.az