Bir avtomobilin dözümlülük sınağı - 30 gün, 30 min kilometr

Bir avtomobilin dözümlülük sınağı - 30 gün, 30 min kilometr

Bir avtomobil təsəvvür edin: 30 gün ərzində demək olar ki, dayanmadan yoldadır. Gecə-gündüz, şəhər içində və magistralda, müxtəlif regionlarda, fərqli hava və yol şəraitində hərəkət edir. Sürücülər dəyişir, marşrut dəyişir, hava dəyişir, amma avtomobil dəyişmir.

Bu, klassik avtomobil təqdimatı deyil. Burada əsas məqsəd sürəti deyil, dözümlülüyü ölçməkdir.

Azərbaycanda ilk dəfə bu formatda həyata keçirilən “Limitless Drive” layihəsi məhz belə bir sınaq üzərində qurulub. Layihə çərçivəsində “JAECOO J8” modeli 30 gün ərzində 7/24 rejimində fasiləsiz hərəkətdə olub və bu müddətdə 30 min kilometr məsafə qət edib.

Bakıdan başlayan marşrut Azərbaycanın müxtəlif regionlarını əhatə edib. Avtomobil şəhər trafikindən tutmuş sürətli yollara, fərqli yol örtüklərindən müxtəlif iqlim və temperatur şəraitinə qədər bir sıra çətinliklərdən keçib.

Burada əsas fərqlərdən biri avtomobilin dəyişdirilməməsi olub. Sürücülər növbəli şəkildə sükan arxasına keçib, texniki ehtiyaclar və yanacaq üçün planlaşdırılmış pit-stoplar həyata keçirilib. Lakin testin əsas qəhrəmanı olan “JAECOO J8” bütün 30 gün ərzində marşrutda qalıb.

Layihənin əsas xüsusiyyətlərindən biri sınağın bütün prosesinin canlı yayım altında həyata keçirilməsi olub. Avtomobil 30 gün ərzində 7/24 rejimində hərəkətdə olmaqla yanaşı, proses kameralar vasitəsilə izlənilib. Marşrutlara Bakı ilə yanaşı Quba, Gəncə və Cəlilabad istiqamətləri də daxil olub. Sınaq zamanı avtomobil müxtəlif yol və relyef şəraitlərində, o cümlədən dəniz qumunda və dağlıq ərazilərdə yoxlanılıb. Dağ yollarında avtomobilin yoxuş və enişlərdə davranışı, şəhər və şosse rejimlərində yanacaq sərfiyyatı, həmçinin dinamik sürətlənmə imkanları ayrıca test edilib.

30 günlük intensiv istismar müddətində avtomobilin texniki qulluğu da istehsalçının reqlamentinə uyğun həyata keçirilib. Layihə ərzində mühərrik yağı 4 dəfə dəyişdirilib. Avtomobildə Britaniya mənşəli “Granville” mühərrik yağından və “Westlake” təkərlərindən istifadə olunub. Beləliklə, layihə yalnız avtomobili yüksək yüklənmə altında sınaqdan keçirməklə məhdudlaşmayıb, onun gündəlik istismar qaydalarına riayət edilməklə uzunmüddətli və intensiv istifadəyə davamlılığı da yoxlanılıb.

Layihənin yekun tədbiri “Otodok” servis mərkəzində keçirilib. Tədbir zamanı 30 günlük sınağın nəticələri ilə yanaşı, avtomobilin 30 min kilometrlik intensiv yürüşdən sonrakı texniki vəziyyəti də təqdim olunub. Keçirilən ətraflı baxış nəticəsində “JAECOO J8 SHS”in 30 min kilometrdən sonra da istismara hazır olduğu bildirilib.

“Imotors” şirkətinin direktoru Əli Əhədov bildirib ki, avtomobilin imkanları haqqında danışmaq əvəzinə onu bir ay boyunca hamının gözü qarşısında yoxlayıblar:

“Ən vacib nəticə qət edilən məsafə deyil – “JAECOO J8 SHS”in 30 000 kilometrdən sonra ilk gündəki kimi yola çıxmağa hazır olmasıdır. “JAECOO” son illərdə qlobal bazarlarda mövqeyini gücləndirən Çin avtomobil brendlərindən biridir. “JAECOO J8” modelini biz bu “Limitless Drive” layihəsi çərçivəsində sınaqdan keçiririk. “JAECOO” brendinin əsas xüsusiyyətlərindən biri onun Çində istehsal olunaraq qlobal bazarlara çıxarılmasıdır.

Hazırda “JAECOO” Avropa bazarında sürətlə inkişaf edən avtomobil brendlərindən biri kimi tanınır. Bunun bariz nümunələrindən biri İngiltərə bazarıdır. 2026-cı ilin ilk rübündə İngiltərədə 15 mindən çox avtomobil satılıb. Mart ayında isə “JAECOO” satış göstəricilərinə görə bazarın liderlərindən birinə çevrilib.

Qeyd edim ki, İngiltərə avtomobil bazarında 2025-ci ilin sonundan etibarən “JAECOO”ya maraq artmağa başlayıb. 2026-cı ilin ilk rübündə isə satışların rekord səviyyədə davam etdiyini müşahidə edirik. Bu da brendin qlobal bazarlarda mövqeyinin getdikcə gücləndiyini göstərir”.

Layihənin rəhbəri Elgün Xıdırov deyir ki, əsas məqsəd avtomobilin uzunmüddətli və intensiv istismar şəraitində necə davrandığını real yollarda yoxlamaq olub:

“Azərbaycanda ilk dəfə həyata keçirilən “Limitless Drive” layihəsini uğurla yekunlaşdırdıq. Layihə çərçivəsində Azərbaycanın həm paytaxtında, həm də müxtəlif regionlarında sınaqlar həyata keçirildi. Avtomobil şəhər trafikində, sürətli yollarda və bölgələrimizin müxtəlif yol şəraitində yoxlanıldı. İstehsalçıların məlumatlarına əsasən, avtomobil orta hesabla il ərzində təxminən 20 min kilometr məsafə qət edir. Təbii ki, bu rəqəm sürücünün istifadə tərzindən və avtomobildən nə qədər intensiv yararlanmasından asılı olaraq dəyişə bilər. Biz isə cəmi 30 gün ərzində 30 min kilometr məsafə qət etməklə avtomobilin dözümlülüyünü yoxladıq”.

Amma “Limitless Drive” yalnız uzun məsafəli yürüşdən ibarət olmayıb. Layihə çərçivəsində “JAECOO J8”in dinamik imkanları da ayrıca sınaqdan keçirilib:

“Testlər zamanı avtomobil müxtəlif şəraitlərdə sınaqdan keçirildi. İnfluenserlər də “JAECOO J8”i fərqli ssenarilərdə yoxladılar. Trek şəraitində slalom, dinamik və əyləcləmə testləri həyata keçirildi. Bu sınaqlar avtomobilin aktiv təhlükəsizlik sistemlərinin və elektron funksiyalarının real şəraitdə necə işlədiyini göstərməyə imkan verdi. “JAECOO J8 plug”in hibrid sistemə malikdir. Böyük tutumlu batareyası sayəsində avtomobil yalnız elektrik enerjisi ilə 160 kilometrədək məsafə qət edə bilir. Həm ön, həm də arxa oxda elektrik mühərriki yerləşir. Bundan əlavə, avtomobil 1,5 litrlik turbo mühərriklə təchiz olunub. Hibrid sistemin ümumi gücü 460 at gücüdür.

Yanacaq sərfiyyatı ilə bağlı da ayrıca testlər həyata keçirdik. Avtomobil şəhər daxilində, tıxaclarda və intensiv trafik şəraitində idarə olundu. Əldə etdiyimiz nəticələr rəsmi göstəricilərə çox yaxın oldu. İstehsalçının məlumatına görə, tam yanacaq çəni və dolu batareya ilə avtomobil 1200 kilometrədək məsafə qət edə bilir. Bizim yanacaq sərfiyyatı testimizdə də 1200 kilometrə yaxın məsafə əldə olundu. Beləliklə, “JAECOO J8” 30 gün ərzində 30 min kilometr məsafəni uğurla qət etdi. Bu layihə ilə avtomobilin müxtəlif şəraitlərdə imkanlarını və dözümlülüyünü real şəkildə nümayiş etdirdik”.

Hazırda “JAECOO” avtomobillərinin Azərbaycanda rəsmi satışda olduğunu bildirən Elgün Xıdırov müştərilərin “JAECOO J8” ilə rəsmi satış salonunda tanış ola biləcəyini qeyd edib.

30 min kilometrlik yürüşün bir hissəsində prosesə qoşulan avtobloger Aynar Məmmədzadə avtomobilin məhz yüksək yüklənmə şəraitindəki davranışını qiymətləndirib:

“Bizdə Çin maşınları ilə bağlı belə bir qərəzli fikir var ki, əsas məsələ 50-100 min kilometrdən sonra nələrin baş verəcəyidir. Təbii ki, 30 gün ərzində bu rəqəmləri hesablamaq mümkün deyil. Amma 30 gün ərzində 30 min kilometr məsafənin qət edilməsi kifayət qədər ciddi test göstəricisidir.

Bu 30 min kilometrin kiçik bir hissəsində mən də iştirak etmişəm. Baxmayaraq ki, bu, yürüşün kiçik bir hissəsi idi, avtomobilin ən çox təzyiq altında olduğu, yükləndiyi mərhələlərdən biri məhz bizim iştirak etdiyimiz trek sınaqları oldu. Biz avtomobili trekdə kifayət qədər yükləyərək, onun maksimum imkanlarını yoxlamağa çalışdıq.

2700 kiloqram çəkisi və böyük batareyası olan avtomobilin trekdə davranışı, xüsusilə torque vectoring sistemi diqqətimi çəkdi. Sistem avtomobilin yoldan çıxmasının qarşısını almaq və gözlənilməz şəraitlərdə idarəetməni qorumaq baxımından özünü yaxşı göstərdi. Mənə elə gəlir ki, “JAECOO J8” çəkisinə baxmayaraq, bir çox digər Çin istehsalçılarının avtomobilləri ilə müqayisədə yolda özünü kifayət qədər yaxşı göstərdi. 30 min kilometr avtomobilin ümumi istismar müddəti baxımından çox böyük rəqəm deyil. Amma istehsalçının verdiyi 200 min kilometr və ya 7 illik zəmanətə baxdıqda, bu, onun avtomobilinə kifayət qədər güvəndiyini və gələcək istismarı da nəzərə aldığını göstərir”.

Layihənin texniki tərəfi ilə yanaşı, “JAECOO” brendinin qlobal bazarlardakı mövqeyi də diqqət çəkən mövzulardan biri olub. “JAECOO” brendi “Chery” qrupuna daxil olan və ixrac bazarları üçün istehsal edilən premium SUV markası kimi təqdim olunur. Brend hazırda Avropa, Cənubi Amerika, Afrika, Yaxın və Uzaq Şərq daxil olmaqla 60-dan çox ölkədə rəsmi şəkildə təmsil olunur. Azərbaycanda isə “JAECOO” və “OMODA” brendlərinin rəsmi distribyutoru Imotors MMC-dir.

Beləliklə, 30 günlük marafon başa çatıb. 30 gün əvvəl başlayan yolçuluq artıq 30 min kilometrlik real təcrübə ilə yekunlaşıb.

Mənbə: qafqazinfo.az