Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir.
70 ildən çoxdur istifadə olunan atom saatları elektronların enerji halları arasındakı keçidlər əsasında işləyir.
Nüvə saatlarında isə atom nüvəsindəki keçidlər izlənilir. Nüvələr xarici elektrik sahələrindən daha az təsirləndiyi üçün bu saatların daha dayanıqlı olması gözlənilir.
Tədqiqatçılar nüvə saatlarının kainatın sirli komponenti olan qaranlıq maddənin izlərini axtarmağa və fizikanın fundamental qanunlarını araşdırmağa kömək edə biləcəyini düşünürlər.
Texnologiyanın hazırlanmasında torium-229 elementindən istifadə olunub. Bu yanaşma ilk dəfə 2003-cü ildə təklif edilib.
Nüvə saatları hələ ən dəqiq atom saatları qədər sabit deyil. Alimlər daha güclü lazerlərdən istifadə etməklə bu problemin aradan qaldırıla biləcəyini bildirirlər.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunan iki məqalədə təqdim edilib.
Mənbə: qafqazinfo.az