Qalaktikamız minlərlə qalaktikadan yaranıb? - Heyrətamiz kəşf

Qalaktikamız minlərlə qalaktikadan yaranıb? - Heyrətamiz kəşf

Süd Yolu qalaktikasının yaranma tarixi ilə bağlı yeni araşdırma alimlərin diqqətini cəlb edib. Kompüter simulyasiyaları göstərir ki, bu gün Günəş sisteminin yerləşdiyi qalaktika milyardlarla il ərzində çoxsaylı kiçik qalaktikaların birləşməsi nəticəsində formalaşıb.

Bu barədə “Live Science” nəşri məlumat yayıb.

Araşdırmaya görə, alimlər “Megatron” adlı superkompüter simulyasiyasından istifadə edərək kainatın erkən dövrlərində qalaktikaların necə yarandığını modelləşdiriblər. Simulyasiya Böyük Partlayışdan təxminən 180 milyon il sonra başlayan prosesləri, ilk ulduzların yaranmasını və maddələrin kosmosda yayılmasını izləyib.

Nəticələr Süd Yolunun formalaşmasının tək bir hadisə deyil, milyardlarla il davam edən mürəkkəb birləşmə və inkişaf prosesi olduğunu göstərir. Kiçik qalaktikalar zamanla bir-biri ilə birləşərək daha böyük strukturların yaranmasına töhfə verib.

Tədqiqatın nəticələri “The Open Journal of Astrophysics” jurnalında dərc olunan bir neçə elmi məqalədə təqdim edilib. Alimlər əldə olunan nəticələrin “James Webb” kosmik teleskopunun erkən kainatla bağlı müşahidələrini daha yaxşı anlamağa kömək edə biləcəyini bildirirlər.

Tədqiqatçılar gələcək simulyasiyalara aktiv qara dəliklərin təsirini də daxil etməyi planlaşdırırlar. Bu, qalaktikaların təkamülünü və onların indiki quruluşunun necə formalaşdığını daha dərindən öyrənməyə imkan verə bilər.

Qeyd edək ki, Süd Yolu hazırda Günəş sisteminin də daxil olduğu spiral qalaktikadır.

Mənbə: konkret.az