“Binance” kriptobirjasına kiberhücum - 6 milyardlıq zərər dəyib

“Binance” kriptobirjasına kiberhücum - 6 milyardlıq zərər dəyib

“Binance” kriptobirjasına kiberhücum olub.

“Qafqazinfo” xəbər verir ki, platformanın rəhbərliyi “X” sosial şəbəkəsindəki hesabında platformanın “təhlükəsizlə bağlı problemlə” üzləşdiyini açıqlayıb.

Hücum nəticəsində 6,3 milyard dollarlıq aktivlərə zərər dəydiyi bildirilir. Bu məbləğin təxminən 3 milyard dollarlıq hissəsi artıq blokçeyn şəbəkəsində dondurulub.

Şirkətin yaydığı məlumata görə, ilkin araşdırma kiberhücumun şirkətin “DevOps” mühəndislərindən birinə məxsus noutbukun ələ keçirilməsi ilə əlaqəli ola biləcəyini göstərir:

“Bu, hakerlərə xidmət konteynerinə giriş əldə etməyə və vəsaitlərin çıxarılması üzrə icazəsiz əməliyyatlar həyata keçirməyə imkan verib. Elektron cüzdanların gizli açarlarının sızması əlamətləri aşkar edilməyib. Araşdırma başa çatdıqdan və bütün faktlar diqqətlə yoxlandıqdan sonra insidentlə bağlı ətraflı texniki hesabat hazırlayacağıq”.

Təhlükəsizlik tədbirləri çərçivəsində birja bütün şəbəkələr üzrə depozit və vəsaitlərin çıxarılması əməliyyatlarını müvəqqəti dayandırıb. Həmçinin, hadisə ilə əlaqəli ünvanların icazələri ləğv edilib, hüquq-mühafizə orqanları və blokçeyn analitikası üzrə şirkətlərlə əməkdaşlığa başlanılıb. “Binance” hücum nəticəsində yaranan bütün itkilərin qarşılanacağını bəyan edib.

Bunun, kriptovalyuta sənayesi tarixində ən böyük kiberhücum və rəqəmsal aktiv oğurluğu olduğu bildirilir. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin fevralında “Bybit” kriptobirjasına kiberhücum nəticəsində təxminən 1,5 milyard dollar dəyərində kriptovalyuta oğurlanmışdı.

Mənbə: qafqazinfo.az