Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran, İsrail və ABŞ arasındakı müharibədən sonra gərginliyi azaltmağa yönəlmiş qeyri-rəsmi saziş çərçivəsində Tehrana məxsus milyardlarla dolları blokdan çıxarmağa razılıq verib.
"Reuters" agentliyinin bir neçə məlumatlı mənbəyə istinadən yaydığı xəbərə görə, söhbət 10 milyard dollardan 20 milyard dollara qədər nəhəng bir vəsaitdən gedir və artıq təxminən 3 milyard dollar dəyərində olan ilk tranşın İrana təqdim edildiyi iddia olunur. Bu maliyyə vəsaitinin müqabilində Tehranın BƏƏ ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumları dayandırmalı olduğu, həmçinin tərəflərin təhlükəsizlik, kəşfiyyat və iqtisadiyyat sahələrində əməkdaşlığı bərpa etmək niyyətində olduqları bildirilir.
Lakin məlumatın beynəlxalq mətbuatda böyük rezonans doğurmasından dərhal sonra BƏƏ Xarici İşlər Nazirliyi rəsmi bəyanatla çıxış edərək pul köçürmələri barədə xəbərləri qəti şəkildə təkzib edib və bu iddiaları "tamamilə yalan və əsassız" adlandırıb. Nazirliyin bəyanatında xüsusi olaraq vurğulanıb ki, İranın dondurulmuş heç bir aktivi sərbəst buraxılmayıb və Əmirliklərin maliyyə sistemi vasitəsilə heç bir köçürmə həyata keçirilməyib.
Buna baxmayaraq, "Reuters" qeyd edir ki, müzakirə olunan bu gizli sxem Vaşinqtonla Tehran arasında münaqişənin dayandırılmasına dair aparılan daha genişmiqyaslı danışıqların bir hissəsi ola bilər. Həmin böyük danışıqlar çərçivəsində həmçinin İranın xaricdəki digər aktivlərinin dondurulmasının ləğvi və Hörmüz boğazı vasitəsilə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi məsələləri də nəzərdən keçirilir.
Mənbə: musavat.com