Azərbaycanda uzun illərdir İslam bankçılığının yaradılması ideyası gündəmdə olsa da, hələlik bu istiqamətdə konkret addımlar atılmayıb.
Qeyd edək ki, İslam bankçılığı şəriət qanunlarına əsaslanan, faizin (riba) qadağan olunduğu, risk və gəlirin bölüşdürülməsinə, həmçinin real aktivlərə dayanan faizsiz maliyyə sistemidir. Burada pulun borca verilməsinə görə əlavə faiz tələb olunmur.
Bütün əməliyyatlar spekulyasiya deyil, real və maddi aktivlərin alqı-satqısına və ya kirayəsinə əsaslanır. Tərəflər qazanclarla yanaşı, yarana biləcək zərəri də birlikdə bölüşürlər.
İlk dəfə olaraq bu sistem 1963–1966-cı illərdə Misirdə tətbiq edilib. Hazırda islam bankçılığı geniş coğrafi kontingenti əhatə edərək, ABŞ-dən Çinədək dünyanın müxtəlif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində tətbiq edilir.
Azərbaycan isə bu sahədə də axsayır.
Maliyyə-bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, Azərbaycanda İslam bankçılığının olmamasının əsas səbəbi bu sahə üzrə ölkədə mütəxəssislərin olmamasıdır:
“Uzun müddətdir müzakirə edilsə də, İslam bankçılığının hələ də yaranmaması bir neçə səbəbdən qaynaqlanır. Əsas səbəb mütəxəssislərin, bu işdə işləyə bilənlərin olmamasıdır. Bununla bağlı hələ bu əsrin əvvəllərindən müzakirələr, araşdırmalar aparılıb. Mərkəzi Bankın yeni rəhbərliyilə 2022-ci ildə iqtisadçı ekspertlərlə görüşündə də bu fikri səsləndirdim. O, isə üzərində işlədiklərini dedi. Amma hələ də ortalıqda heç nə yoxdur”.
Ekspertin sözlərinə görə, digər səbəb isə bank sisteminin İslam bankçılığında maraqlı olmamasından qaynaqlanır:
“Faizə, sələmə söykənən banklara rəqabət sərf etmir. Ona görə də müxtəlif yollarla prosesə maneə olurlar”.
Müsahibimiz qeyd edir ki, İslam bankçılığı daha çox şəffaflıq tələb edən bankçılıqdır:
“İslam bankçılığında faiz məsələsi yoxdur. Bank sahibkara kredit verməklə, sadəcə olaraq onun biznesinə şərik olur, fəaliyyəti uğurlu olanda qazancdan gəlir götürür. Sahibkarın fəaliyyəti uğursuz olduqda isə bankın krediti bəlkə də bata bilər. Deməli, İslam bankı ənənəvi bankla müqayisədə kredit verdiyi şəxsə daha çox nəzarət etməlidir. İslam bankına əmanət qoyan şəxs müəssisə uğur qazandığı təqdirdə, ondan gəlir əldə edəcək. Uğur qazanmadığı halda isə, əmanətçi də gəlirsiz qalacaq. Yəni bu tip banklar gəliri əmanətçidən gizlədə bilərlər. Həmin səbəblərdən Azərbaycanda İslam bankçılığını qurmaq çətindir”.
Ə. Həsənov bildirir ki, dövlət, bank sistemi ənənəvi banklarla işləmək istəməyən dindarların pullarının evdə qalmamasında, onun dövr etməsində maraqlı olmalıdır:
“İslam bankının yaradılması ilə həmçinin, ölkəyə müsəlman ölkələrindən xarici investorlar da cəlb etmək olar”.
Rüfət Sultan
Mənbə: www.bakupost.az