Kitabxanaçılıq imtahanından keçə bilməyənlər İŞDƏN ÇIXARILIRLAR?

Kitabxanaçılıq imtahanından keçə bilməyənlər İŞDƏN ÇIXARILIRLAR?
Kitabxanaçılıq üzrə keçirilən imtahandan uğur qazana bilməyən şəxslərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verildiyi iddia olunur.
Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd olunub ki, imtahandan keçə bilməyən kitabxana işçiləri sözügedən maddəyə əsasən işdən azad edilirlər. Bu isə həmin şəxslərin yaxın gələcəkdə iş tapa bilməməsi deməkdir.

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzindən bildirilib ki, attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən əməkdaşlarla bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun və fərdi qaydada həll edilir.

"Belə hallarda əmək münasibətlərinə əməkdaşın öz təşəbbüsü ilə ərizə verməsi və ya işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinin tətbiqi əsasında xitam verilə bilər. Hər bir halda əməkdaşların qanunvericiliklə müəyyən edilmiş hüquq və təminatları qorunur", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, regionda kitabxanaçıların attestasiyanın keçirilməsi prosesi 2026-cı ilin iyul ayından başlayıb. Attestasiyanın keçirilməsi cari təqvim ilinin sonunadək bütün regional mədəniyyət idarələri üzrə müəssisələrdə planlaşdırılır.

Mənbə: oxu.az