Gömrükdə böyük dəyişiklik - İxrac rüsumları niyə 100 dəfə artırıldı?

Gömrükdə böyük dəyişiklik -

Oktyabrın 23-dən başlayaraq, Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında, idxal gömrük rüsumlarının və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişikliklər qüvvəyə minəcək.

Bəzi məhsullar üzrə ixrac gömrük rüsumları 100 dəfə artırılacaq.
Belə ki, Azərbaycandan ixrac edilən tökmə çuqunun tullantıları və qırıntıları, eləcə də qalay təbəqəsi ilə örtülmüş qara metalların tullantıları və qırıntıları üçün 1 000 kiloqrama görə tarif dərəcəsi 7 ABŞ dollarından 500 ABŞ dollarına qaldırılıb.
Torna yonqarları, kəsiklər, qırıntılar, frezer istehsalı tullantıları, mişar tullantıları və təkrar əridilmə üçün nəzərdə tutulan külçələr üzrə tarif dərəcəsi isə 1 000 kiloqram üçün 5 ABŞ dollarından 500 ABŞ dollarına artırılıb.
İqtisadçı ekspert Vüsalə Əhmədova bildirib ki, dəyişiklikdə əsas məqsəd, böyük ehtimalla, Azərbaycandan metal tullantılarının ixracını məhdudlaşdırmaq və həmin materialların ölkə daxilində emalını stimullaşdırmaqdır:
“İxrac rüsumunun 100 dəfəyə qədər artırılması əsasən ixracatçıların gəlirlərinə və təkrar emal sektoruna ciddi təsir göstərəcək”.
Ekspert hesab edir ki, atılan addım fonunda metal tullantılarının yerli emalı artaraq daha yüksək əlavə dəyər yarada bilər:
“Əgər yerli zavodlar daha çox xammal əldə edib istehsalı artırarsa, uzunmüddətli perspektivdə müəyyən məhsulların idxaldan asılılığı da azala bilər”.
Müsahibimizin sözlərinə görə, digər tərəfdən bu ixracatçıların gəlirlərinə mənfi təsir göstərəcək: “Məsələn, tökmə çuqun tullantıları və qırıntılarının əvvəlki rüsumu hər ton başına 7 dollar təşkil etdiyi halda, yeni dəyişikliklərə əsasən 500 dollar olaraq müəyyən edilib. Həmçinin, torna, frezer və mişar tullantıları, metal qırıntıları və təkrar əridilmə üçün nəzərdə tutulan külçələrin əvvəlki ixrac rüsumu 5 dollar/ton olduğu halda, hazırda 100 dəfə yüksəldilərək 500 dollar/ton təşkil edir. Nəticədə, xaricə metal tullantıları satan şirkətlər üçün hər ton üzrə əlavə xərc yaranacaq. Dolayısıyla, ixrac şirkətlərinin mənfəəti azalacaq. Nəticədə sözügedən sahədə bəzi ixrac əməliyyatları ümumiyyətlə sərfəli olmaya da bilər”.
Rüfət Sultan

Mənbə: www.bakupost.az