Qod Nisanov nəhəng layihəsini təqdim etdi – 15 hovuz, 38 restoran... - FOTOLAR

Qod Nisanov nəhəng layihəsini təqdim etdi – 15 hovuz, 38 restoran... - FOTOLAR

Moskvada irimiqyaslı “Olimpiyski” kompleksinin yenidən qurulması davam edir. Layihə başa çatdıqdan sonra burada onlarla idman növü, beynəlxalq yarışlar, konsertlər, sərgilər və müxtəlif əyləncə tədbirləri üçün şərait yaradılacaq. Kompleksdə 15 hovuz, akvapark, 12 min tamaşaçı tutumuna malik konsert zalı və 38 restoranı birləşdirən panoramik məkan fəaliyyət göstərəcək.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın meri Sergey Sobyanin ötən gün tikinti meydançasına baş çəkərək layihənin gedişi ilə tanış olub. Layihə barədə təqdimatı azərbaycanəsilli iş adamı Qod Nisanov da təqdim edib.

Sobyanin MAX messencerindəki paylaşımında bildirib ki, yeni “Olimpiyski” müasir memarlıq, innovativ texnologiyalar və şəhər həyatının dinamikasını birləşdirən unikal məkan olacaq. Burada idman, mədəniyyət, biznes və istirahət imkanlarının vahid kompleksdə cəmləşdirilməsi nəzərdə tutulur. Çoxfunksiyalı kompleks dörd tikilidən ibarət olacaq. Onlardan üçü ümumi stilobat üzərində birləşdiriləcək. Əsas binada tarixi memarlıq xüsusiyyətlərinin qorunması planlaşdırılır.

Layihənin ən diqqətçəkən elementlərindən biri yerdən 50 metr yüksəklikdə yerləşəcək və 12 min tamaşaçı tutumuna malik konsert zalıdır. Layihə müəlliflərinin təqdimatına görə, bu, dünyada belə yüksəklikdə yaradılan ilk konsert kompleksi olacaq. Tamaşaçılar zala 72 metr uzunluğunda “Ulduz eskalatoru” vasitəsilə çatacaqlar. Kompleksdə biznes tədbirləri, müasir incəsənət sərgiləri və forumlar üçün ayrıca tədbirlər mərkəzi də yaradılacaq. Bununla yanaşı, 38 restoranı birləşdirən panoramik fırlanan restoran kompleksi, açıq havada gəzinti üçün “Olimpiyski bulvarı” və on kinoteatr zalından ibarət kinoməkan fəaliyyət göstərəcək.
Daha bir qeyri-adi yenilik 41 metr yüksəklikdə salınacaq bir kilometrlik qaçış zolağıdır. Layihənin təqdimatında bu zolağın BRICS Rekordlar Kitabında qeydə alınmış rekord olduğu bildirilir.


Əsas bina ilə su kompleksi arasında isə Rusiyada ilk media körpüsünün yaradılması nəzərdə tutulur. Burada vizual və işıq şouları nümayiş etdiriləcək.

“Olimpiyski”nin su kompleksi də layihənin əsas hissələrindən biri olacaq. Burada 15 hovuz, o cümlədən ümumrusiya və beynəlxalq yarışlar üçün nəzərdə tutulan hovuzlar, akvapark, çimərlik voleybolu və futbolu üçün meydançalar yaradılacaq.

Kompleksdə qılıncoynatma, stolüstü tennis, çimərlik idman növləri və döyüş sənətləri üzrə mərkəzlər də fəaliyyət göstərəcək. Fiziki sağlamlıq və idman bölməsində xokkey və fiqurlu konkisürmə üçün buz meydançaları, böyük tennis kortları, gimnastika və xoreoqrafiya zalları, kerlinq və döyüş sənətləri mərkəzləri yerləşəcək.

Ümumilikdə, kompleksdə 100-dən çox idman meydançasının yaradılması və 40-dan artıq idman növü ilə məşğul olmaq imkanı nəzərdə tutulur. Beləliklə, “Olimpiyski” yalnız yarışların keçirildiyi məkan deyil, eyni zamanda şəhər sakinlərinin gündəlik idman və istirahət mərkəzinə çevriləcək. Kompleksin əlçatanlığını artırmaq üçün Moskva metrosunun Dairəvi xəttində yeni “Dostoyevskaya” stansiyası da inşa edilir. Stansiyanın istifadəyə verilməsi şəhərin müxtəlif rayonlarından, dəmiryol vağzallarından və hava limanlarından kompleksə rahat gediş-gəliş imkanı yaradacaq.

Tikintidə informasiya modelləşdirməsi texnologiyalarından istifadə olunur. Binaların üçölçülü modelləri hazırlanarkən daşıyıcı konstruksiyalar, tikinti materialları və iqlim şəraiti nəzərə alınıb.

Hazırda tikinti meydançasında 5,5 mindən çox mütəxəssis çalışır. Layihənin ümumi tikinti həcmi təxminən 6,5 milyon kubmetr təşkil edir. Məlumatda bu göstəricinin “Moskva-Siti”dəki 12 göydələnin ümumi həcmindən yarıdan çox olduğu bildirilir.

Kompleksin hazır olma səviyyəsi təxminən 80 faiz qiymətləndirilir. Əsas tikinti işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

Sonda yada salaq ki, Qod Nisanov Rusiyanın iri biznesmenlərindən biri, azərbaycanəsilli sahibkardır. O, uzun illərdir Moskvanın kommersiya daşınmaz əmlakı, ticarət mərkəzləri və mehmanxana biznesində fəaliyyət göstərir.

Nisanovun adı biznes tərəfdaşı Zarah İliyevlə birlikdə yaratdığı və inkişaf etdirdiyi “Kiyevskaya ploşad” şirkətlər qrupu ilə bağlıdır. Bu qrup Moskvanın iri ticarət və kommersiya obyektləri bazarında mühüm iştirakçılardan biri kimi tanınır.

Mənbə: musavat.com