Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının Ukraynaya ayırmağı planlaşdırdığı yeni 45 milyard avroluq kreditə münasibət bildirib. O, Kiyevin bu vəsaiti geri qaytarmayacağını və sözügedən maliyyələşmənin əslində kredit deyil, hədiyyə olduğunu iddia edib.
Fiko bildirib ki, Avropa İttifaqında 2028–2034-cü illər üçün büdcə ilə yanaşı, Ukraynaya ayrılması nəzərdə tutulan yeni 45 milyard avroluq kredit ətrafında da ciddi müzakirələr gözlənilir.
“Avropa İttifaqından danışarkən bir daha qeyd etməliyəm ki, bizi təkcə 2028–2034-cü illər üçün Aİ büdcəsi ilə bağlı deyil, hər şeydən əvvəl Ukraynaya veriləcək yeni 45 milyard avroluq kreditlə bağlı ciddi müzakirələr gözləyir.
Bildiyiniz kimi, Slovakiya əvvəlki 90 milyard avroluq kreditdə iştirak etməyib və indi də eyni mövqedə qalmaq niyyətindədir. Bütün bunlara baxmayaraq, bizi siyasi şantajla üz-üzə qoyur, bu krediti Aİ-nin ümumi büdcəsi ilə əlaqələndirirlər.
Ukraynaya yeni kredit ətrafında baş verə biləcək hadisələr olduqca xoşagəlməz olacaq. Amma necə deyərlər, hər kəs öz seçimində azaddır.
Hər halda, sülh danışıqlarının planlaşdırıldığı bir vaxtda Avropa İttifaqının Ukraynadakı müharibəni dəstəkləmək üçün beynəlxalq maliyyə bazarlarından 45 milyard avro borc götürmək istəməsi diqqətəlayiqdir.
Təbii ki, Aİ bütün borc üzrə zəmanətçi kimi çıxış edəcək. Çünki bilir ki, Ukrayna həmin vəsaitdən bir sent belə geri qaytarmayacaq. Eynilə əvvəlki 90 milyard avroda olduğu kimi.
Gəlin, həqiqəti danışaq: bunlar heç bir halda kredit deyil, hədiyyələrdir”, – deyə Fitso bildirib.
Mənbə: bizim.media