Milli Məclis Orta Kür kontrakt sahəsi ilə bağlı sazişi ratifikasiya etdi

Milli Məclis Orta Kür kontrakt sahəsi ilə bağlı sazişi ratifikasiya etdi

Milli Məclisdə “Azərbaycan Respublikasının Orta Kür kontrakt sahəsi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında Saziş”in qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, saziş 2026-cı il sentyabrın 26-da Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “ExxonMobil Exploration & Production Azerbaijan Limited” şirkəti və “Middle Kura” MMC arasında imzalanıb.

Sazişin əsas mətninə edilmiş 12 Əlavənin qəbul və təsdiq edilməsi nəzərdə tutulur.

Sənədə görə, qanun qüvvəyə mindikdən sonra Saziş və onun Əlavələri qanun statusu alacaq. Sazişdə başqa hal nəzərdə tutulmadığı təqdirdə, onun müddəaları qüvvədə olduğu dövrdə Azərbaycan Respublikasının Sazişə zidd olan digər qanunvericilik və inzibati aktlarının müddəalarından üstün tutulacaq.

Bundan başqa, Sazişin podratçı tərəflərinə kontrakt sahəsində nəzərdə tutulan qeyri-ənənəvi ehtiyatlar üzrə neft-qaz əməliyyatlarını həyata keçirmək üçün müstəsna hüququn verilməsi nəzərdə tutulur.


Layihəyə əsasən, podratçı tərəflərin Saziş və Əlavələr çərçivəsində əldə etdikləri hüquqlar onların qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz.

Sazişdən irəli gələn hüquq və öhdəliklərin icrası üçün iştirakçılara zəruri lisenziyaların, gömrük icazələrinin, vizaların və digər müvafiq icazələrin verilməsi də layihədə əksini tapıb. Sazişə və onun Əlavələrinə dəyişikliklərin yalnız tərəflərin yazılı razılığı və Sazişdə müəyyən edilmiş qaydada edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Mənbə: bizim.media