Azərbaycanda və regionda ilk dəfə olaraq tibb müəssisələri arasında TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinika Amerika Birləşmiş Ştatlarının Səhiyyə İnformasiya və İdarəetmə Sistemləri Cəmiyyətinin (HIMSS) xəstəxana məlumatlarının idarəedilməsi sistemi üzrə beynəlxalq dərəcəli nüfuzlu akkreditasiya sertifikatını əldə edib.
Türkiyənin “Yeni sabah” nəşri də Yeni Klinikanın bu uğuru barədə yazı dərc edib.
Məlumata görə, klinika informasiya texnologiyaları və idarəetmə sistemlərindən ən yaxşı şəkildə istifadə etməklə səhiyyə xidmətinin keyfiyyətli, təhlükəsiz, səmərəli formada daim təkmilləşdirilməsinə görə təltif olunub.
Sertifikat HIMSS-in önəmli qiymətləndirmə modulu hesab olunan Elektron Tibbi Qeydiyyatın Adaptasiyası Modulu (EMRAM) VI səviyyə üzrə təqdim olunub.
Sözügedən modul stasionar xidmət göstərən səhiyyə müəssisələrində istifadə olunur.
EMRAM modulu üzrə VI səviyyə akkreditasiya sertifikatının əldə edilməsi layihəsi çərçivəsində Türkiyə və Portuqaliya kimi ölkələrin təcrübələri yaxından öyrənilib.
O da bildirilib ki, Rusiya və Şərqi Avropada HIMSS attestasiyasından keçən cəmi iki klinika mövcuddur.
Sertifikatın əldə olunması ilə bağlı təşkil edilən tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Yeni Klinikanın direktoru Barat Yusubov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin İdarə Heyətinin sədri Elxan Əzizov, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.
EMRAM modulu üzrə VI səviyyə akkreditasiya sertifikatının əldə edilməsinin önəmi ilə bağlı çıxışlara yer verilib. Daha sonra Yeni Klinikanın beynəlxalq standartlara cavab verən infrastrukturuna dair videoçarx nümayiş olunub.
Tədbir media nümayəndələrinin sual-cavab sessiyası ilə başa çatıb.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının Xəstəxana İdarəetmə Sistemləri Cəmiyyəti - HIMSS 1961-ci ildə təsis edilib. Təşkilatın fəaliyyət istiqamətlərindən biri də Cəmiyyətə məxsus 7 mərhələli yetkinlik modulları üzrə standartları tətbiq etmiş tibb müəssisələrinə beynəlxalq sertifikatların təqdim edilməsidir.
Mənbə: qafqazinfo.az