Restoranların parkinqə görə pul tələb etməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Restoranların parkinqə görə pul tələb etməsi ilə bağlı

Paytaxtın problemlərindən biri də parklanma ilə bağlıdır. Bunun aradan qaldrılması üçün ödənişli olaraq parklanma yerləri yaradılsa da bəzi ərazilərdə buna riayət olunmur. Xüsusilə, axşam saat 10-dan sonra iaşə obyektləri, kafe və restoranların qarşısında parklanma ödənişsiz olduğu halda sürücülərdən buna görə ödəniş tələb olunur və ya avtomobillərin parklanması zamanı qaydalara riayət olunmur.

Xatırldaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) məxsus parklanma yerlərində nəqliyyat vasitələrinin parklanması yalnız axşam saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri ödənişsizdir.

Bəs axşam saat 10-dan sonra buna necə nəzarət olunur və kim nəzarət etməlidir?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, parklanmaya görə sürücülərdən pul tələbi qanunsuzluqdur:

“Yol hərəkəti haqqında” Qanuna əsasən, saat 22:00-dan saat 07:00-dək və həftənin bazar günləri parklanma ödənişsizdir. Küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən nağd şəkildə hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərdən parklanma adı ilə nağd pul tələb edilməsi tam qanunsuzdur”.


Qurumdan qeyd edilib ki, vətəndaşlar qanunsuz pul tələbi ilə rastlaşdığı təqdirdə hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.

Günay Şahmar

Mənbə: bizim.media