Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olundu - Fotolar

Təltif edilmiş əməkdaşlara vəsiqələr və medallar təqdim olundu - Fotolar

Prezident İlham Əliyevin 23 iyun 2026-cı il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim edilməsi tədbiri keçirilib.

“Qafqazinfo” nazirliyə istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirlik sistemində çalışan və dövlət qulluğunda səmərəli fəaliyyəti ilə seçilən daha bir qrup əməkdaşın “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edildiyini bildirib.

O, dövlət başçısına göstərdiyi diqqət və qayğıya, nazirliyin əməkdaşlarının əməyini yüksək dəyərləndirdiyinə görə minnətdarlığını ifadə edib.

Nazir son illər əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan sosial islahatların nailiyyətlərini, innovativ, rəqəmsal həllərin geniş tətbiqi işlərini, bu islahatların vətəndaş rifahının təminatına xidmət etdiyini qeyd edib. Bildirib ki, nazirliyin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə vətəndaş məmnunluğunun, şəffaflığın təmin edilməsi, sosial ədalət prinsiplərinə sadiqlik hər birimizin gündəlik fəaliyyət formulu olmalıdır.

Anar Əliyev təltif edilən əməkdaşları bu münasibətlə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində çalışan dövlət qulluqçuları barədə məlumat verilib, 2018-ci ildən nazirliyin 158 əməkdaşının ölkə prezidentinin sərəncamları ilə dövlət təltiflərinə layiq görüldüyü vurğulanıb.

Təltif olunmuş əməkdaşlara vəsiqələr və medallar təqdim edilib. Onlar fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.














Mənbə: qafqazinfo.az