Gürcüstanda gənc alimlər və tələbələr üçün “İrs, elm, arxeologiya və müasir texnologiyalar” mövzusunda Beynəlxalq Yay məktəbi təşkil olunub.
Müxtəlif ölkələrdən gənc alimləri bir araya gətirən Yay məktəbində Azərbaycanı Heydər Əliyev Fondunun dəstəyi ilə gənc arxeoloqlardan ibarət komanda təmsil edir.
Elmi tədbir iki mərhələdən ibarətdir. Kutaisi Beynəlxalq Universitetindəki ilkin mərhələ avqustun 2-dək davam edib. İkinci mərhələ isə avqustun 3-16-da Gürcüstanın Dmanisidəki abidələr və arxeoloji tədqiqat ərazilərində keçiriləcək.
Beynəlxalq elmi tədbir Gürcüstanın Mədəniyyət, həmçinin Təhsil, Elm və Gənclər nazirlikləri tərəfindən dəstəklənir.
Layihənin ikinci mərhələsinin açılış mərasiminə dünyanın tanınmış arxeoloqları toplaşacaq. Açılışda AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev də Azərbaycanda aparılan arxeoloji tədqiqatlar barədə məruzə ilə çıxış edəcək.
Müxtəlif ölkələrdən olan gənc alimlər elmi təlim tədbiri çərçivəsində Gürcüstanın aparıcı mədəni və elmi müəssisələrinə ekskursiyalarda, beynəlxalq ekspertlərin iştirakı ilə interaktiv təlimlərdə iştirak edəcək, topladıqları nəzəri biliklərin praktiki tətbiqini nümayiş etdirəcəklər.
Yay məktəbinin əsas təlim mövzuları “Təbiət tarixi və təbii irsin tədqiqi; arxeoloji tədqiqatlarda müasir texnologiyalar”, “Mədəni irs, konservasiya və bərpa: müasir metodlar və problemlər”, “Mədəni irs, onun inkişafı və interpretasiyası, həmçinin müasir texnologiyaların tətbiqi”, “Gürcüstanın rəqabət qabiliyyətinin açarı kimi biomədəni irs” olacaq.
Mənbə: qafqazinfo.az