Hələ 2024-cü ilin sonlarında kütləvi informasiya vasitələri Finçerin məşhur serialın "spin-off"u üzərində işləyəcəyini yazırdılar. Layihə ilkin olaraq tammetrajlı film kimi nəzərdə tutulsa da, sonradan onun "Heckler" işçi adı ilə serial formatında hazırlanmasına qərar verilmişdi. Süjetə əsasən, hadisələrin Şimali Amerikada cərəyan etməsi, çəkilişlərin isə Böyük Britaniyada aparılması planlaşdırılırdı.
Məşhur amerikalı aktrisa Keyt Blanşettin "Kalmar oyunu"nun finalında görünməsi bu layihəyə marağı daha da artırmışdı. Serialın yaradıcıları bu fərziyyələri təkzib etsələr də, bir çox tamaşaçı onun qısa rolunu (kameo) oyunların ABŞ-də davam edəcəyinə işarə kimi qəbul etmişdi.
Məqalədə vurğulanır ki, "Netflix" əslində "Kalmar oyunu"nun Amerika versiyasının hazırlanması imkanını ciddi şəkildə nəzərdən keçirirdi. Lakin sonradan striminq platformasının prioritetləri dəyişib.
Nəşrin məlumatına əsasən, rejissor Devid Finçer artıq "Netflix" üçün digər layihələrə, xüsusilə "Kliff Butun macəraları" filminə yönəlib.
Qeyd edək ki, bu ekran işi Kventin Tarantinonun "Bir dəfə Hollivudda" filminin davamıdır. Çəkiliş prosesində Finçerin "Döyüş klubu", "Sosial şəbəkə" və "İtmiş qadın" filmlərində birgə çalışdığı həmkarı Ceff Kronenvet də iştirak edəcək.
Mənbə: oxu.az