Norveç Kralı V Harald səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilib.
Bu barədə Norveç Kral Sarayı açıqlama yayıb.
Bildirilib ki, 89 yaşlı monarxın bədənində maye yığılması müşahidə olunub və o, müalicə üçün xəstəxanaya yerləşdirilib.
Nadir qan xəstəliyi olan hemolitik anemiyadan müalicə alan Kral Haraldın iki həftə xəstəlik məzuniyyətində olacağı bildirilib. Bu müddətdə kral vəzifələrini onun oğlu, Vəliəhd Şahzadə Hakon icra edəcək.
Norveç Kral Sarayı 2024-cü ilin aprelində Kral Haraldın yaşının artması ilə əlaqədar rəsmi tədbirlər proqramının uzunmüddətli əsasda azaldılacağını açıqlamışdı.
1991-ci ilin yanvarından Norveç taxtında olan Harald Avropanın ən uzun müddət hakimiyyətdə qalan monarxlarından biridir. O, daha əvvəl taxtdan imtina etməyəcəyini dəfələrlə bildirib.
Kral Harald son illərdə bir neçə dəfə səhhəti ilə bağlı xəstəxanaya yerləşdirilib. O, bu ilin fevralında İspaniyanın Tenerife adasında infeksiya səbəbindən, 2024-cü ildə isə Malayziyada olarkən kardiostimulyator implantasiya edilməsi üçün xəstəxanaya yerləşdirilmişdi.
Norveç Kral Sarayı Kraliça Sonyanın da bu ilin mayında ürək problemləri ilə əlaqədar müayinə və müşahidə məqsədilə xəstəxanaya yerləşdirildiyini açıqlamışdı.
Kral ailəsində yaşanan bu səhhət problemləri Norveç monarxiyası üçün onsuz da gərgin dövrə təsadüf edir.
Vəliəhd Şahzadə Hakonun həyat yoldaşı, Vəliəhd Şahzadə Mette-Marit mart ayında amerikalı cinsi cinayətkar Ceffri Epşteynlə əlaqələri barədə açıqlama vermişdi.
Mette-Marit 2011-2014-cü illər arasında Epşteynlə yüzlərlə elektron məktub mübadiləsi apardığını, onun keçmişini daha diqqətlə araşdırmadığı üçün məsuliyyət daşıdığını və Epşteynin Floridadakı evində qaldığını bildirmişdi.
Bundan üç ay sonra, iyunda Mette-Maritın əvvəlki münasibətindən olan oğlu Marius Borq Hoybı iki ayrı təcavüz ittihamı üzrə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.
Mənbə: qafqazinfo.az