Fransanın məşhur Luvr muzeyində "Mona Liza" ("Cokonda") əsərinin nümayiş olunduğu zalda qeyri-adi insident baş verib. İki Almaniya vətəndaşı skotçdan istifadə edərək muzeyin divarından özlərinə məxsus iki kiçik rəsm əsəri asıblar.
Belə ki, şənbə günü yerli vaxtla saat 15:30 radələrində baş verən hadisə zamanı 30 və 40 yaşlı kişilər ölçüləri 30x40 sm olan iki kətanı divara yapışdırıblar.
Rəsmlərdən birində müəlliflərdən biri zirehli paltarda, digərində isə hər iki kişinin bir qadınla birlikdə portretləri təsvir olunub.
Muzeyin təhlükəsizlik əməkdaşları dərhal müdaxilə edərək onları saxlayıb və polisə təhvil veriblər. Fransız polisinin məlumatına görə, "Cokonda" əsəri zərər görməyib, yalnız divarda yüngül qüsurlar yaranıb.
Kişilər sərbəst dindirmə zamanı bu addımı əyləncə üçün etdiklərini bildiriblər. Hadisə Luvrda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bir dövrə təsadüf edir — bundan əvvəl (2025-ci ilin oktyabrında) muzeydən 88 milyon avro dəyərində Fransa tacının zinət əşyaları oğurlanmışdı. Bu cür insidentlər fonunda Luvr muzeyi binanın genişmiqyaslı yenidənqurulmasını və "Cokonda" üçün xüsusi yeni zalın yaradılmasını planlaşdırır.
Mənbə: bizim.media