"Xınalıq kəndi Azərbaycanın zəngin mədəni irsi və özünəməxsus təbii landşaftı ilə seçilən yaşayış məntəqələrindən biridir".
Bu fikirləri Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Mədəni irs şöbəsinin Mədəni irsin inkişafı bölməsinin müdiri Leyla Musayeva çərşənbə axşamı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ortaq gələcək üçün turizm: inklüzivlik, bərabərlik və icmaların liderliyi sülhün qurulmasına necə təmkinlə töhfə verir” mövzusunda keçirilən müzakirədə deyib.
O, bildirib ki, 2017-ci ildə Prezidentin müvafiq sərəncamı ilə Xınalıq kəndinin ərazisinin qorunması istiqamətində mühüm addımlar atılıb. Kəndin tarixi-mədəni irsinin, ənənəvi yaşayış mühitinin və təbii landşaftının mühafizəsi xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, Dövlət Turizm Agentliyi Xınalığın turizm potensialının tanıdılması və mədəni irsinin qorunması istiqamətində fəaliyyət göstərir.
Xınalığın tarixi köç yolları, özünəməxsus mədəni landşaftı və memarlıq xüsusiyyətləri beynəlxalq tədqiqatçıların da diqqətini cəlb edir. Kəndin mədəni və təbii irsinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində aparılan araşdırmalar onun əhəmiyyətini daha da artırır.
Gülayə Mecid
Mənbə: unikal.az