“Cahangir çox istedadlı insandır, sənətkardır. Türkiyədə teatr yaradıb, dərs deyir. Niyə burada işləməli deyil ki, gedib orada çalışır? Çox istərdim ki, gəlsin Azərbaycanda, öz doğma vətənində işləsin. Həm aktyor, həm də rejissor kimi çox istedadlıdır. Amma bu sahəni təkcə Cahangir düzəldə bilməz. Bu bir nəfərlə olmur".
Yenisabah.az medianews.az-a istinadla xəbər verir ki, bunu Xalq artisti Rasim Balayev deyib.
O, Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Səyyad Aranın Cahangir Novruzovun ölkəyə qaytarılması təklifini səsləndirməsinə belə münasibət bildirib:
"Çox şeyləri mən xırdalamaq istəmirəm. Hər bir vəzifədə olan insan Azərbaycan xalqının mənliyini, şəxsiyyətini, onun mədəniyyətini doğma hesab etməyənə qədər belə olacaq”.
C.Novruzov hazırda Adanada Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, Türkiyəyə getməzdən əvvəl Azərbaycanda bir sıra teatrlarda quruluşçu rejissor və baş rejissor vəzifələrində işləyib, bir sıra televiziya tamaşaları və filmlərdə müxtəlif rolları canlandırıb.
Mənbə: yenisabah.az